Zəfər bayrağı - yüksəkliyin etalonu və diz çökməyən Ulu öndər
Dünya tarixində minlərlə dövlət yaranıb, böyük imperiyalar qurulub, qüdrətli ordular qitələri fəth edib. Onların bir çoxunun adı tarix kitablarında qalıb, sərhədləri xəritələrdən silinib, bayraqları isə muzey eksponatına çevrilib. Dövlətlərin süqutunu paytaxtlarının işğalı, hökmdarlarının məğlubiyyəti, ordularının təslim olması saraylarının və qalalarının üzərindən bayraqlarının endirilməsi ilə elan ediblər. Qaliblər ilk növbədə öz bayraqlarını qaldırmağa çalışıblar. Çünki bayraq hakimiyyətin kimə məxsus olduğunu, hansı siyasi iradənin torpaqlar üzərində hökm sürdüyünü göstərən ən mühüm dövlətçilik rəmzlərindən biridir. Tarixdə məğlub olmuş ordular yenidən qurulub, dağıdılmış şəhərlər bərpa edilib, lakin bayrağını və dövlətini itirmiş xalqların müstəqilliyə qayıdışı bəzən yüzilliklər çəkib. Azərbaycan xalqı da öz bayrağının taleyində fərqli formasiyalar və quruluşlardan keçərək ağır sınaqlardan sonra yenidən qazanıb.
Bayrağın yaranması haqqında müxtəlif tarixi nəzəriyyələr mövcuddur. Hələ qədim Şərq dövlətlərində hökmdarları, tayfaları və hərbi birlikləri fərqləndirən xüsusi nişanlardan istifadə olunurdu. Roma legionlarının qartal rəmzi – aquila – hərbi şərəfin və birliyin toxunulmaz nişanı sayılırdı. Onun düşmən əlinə keçməsi bütöv legion üçün ağır rüsvayçılıq idi. Romalılar itirilmiş hərbi nişanların geri qaytarılmasına böyük siyasi əhəmiyyət verirdilər. Roma imperiyasının qərb hissəsinin süqutundan sonra Avropada yaranan krallıqların, knyazlıqların və zadəgan sülalələrinin bayraqları əsrlər boyu dəyişdi. Orta əsrlərin hərbi və sülalə bayraqları tədricən mərkəzləşmiş dövlətlərin, daha sonra isə müasir millətlərin rəmzlərinə çevrildi. Əgər qədim dövrlərdə bayraq hökmdarın ordusunu təmsil edirdisə, sonrakı əsrlərdə o, xalqın siyasi birliyini və dövlət suverenliyini ifadə etməyə başladı. Beləliklə, bayrağın tarixində rənglər və təsvirlər dövlətin təməllərini, hakimiyyətin mənbəyi haqqında təsəvvürləri də dəyişdirdi.

Britaniya bayrağının yaranma tarixi siyasi birləşmələrin dövlət rəmzlərində necə əks olunduğunu göstərən mühüm nümunədir. İngiltərənin Müqəddəs Georgi xaçı ilə Şotlandiyanın Müqəddəs Andrey xaçı 1606-cı ildə vahid kompozisiyada birləşdirildi. 1707-ci ildə iki krallığın siyasi ittifaqından sonra yaradılan bayraq yeni dövlətin rəmzi kimi saxlanıldı. 1801-ci ildə İrlandiyanı təmsil edən Müqəddəs Patrik xaçının əlavə olunması ilə bugünkü Union Jack formalaşdı. Bayraqdakı işarələr əsrlər boyu baş vermiş siyasi hadisələrin, ittifaqların və hakimiyyət münasibətlərinin izlərini daşıyır. Türkiyənin tarixi də başqa mühüm nümunədir. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Osmanlı monarxiyasının yerində respublika qurularkən dövlətin siyasi sistemi kökündən dəyişdirildi, lakin qırmızı zəmin üzərində ağ aypara və ulduz təsviri qorunub saxlanıldı.
Dövlət bayrağının əhəmiyyəti onun beynəlxalq hüquqi və siyasi mövqeyində də aydın görünür. Yeni minillikdə Birləşmiş Millətlər Təşkilatının qarşısında dünyanın ən böyük və ən kiçik dövlətlərinin bayraqları bir-birilə yanaşı dalğalanır. Onların iqtisadi qüdrəti, əhalisi, hərbi imkanları, beynəlxalq təsir gücü fərqlidir, lakin hər biri öz suverenliyini eyni statuslu dövlət bayrağı ilə təmsil edir. Böyük dövlətə bir neçə bayraqla daha artıq suverenlik hüququ verilmir, kiçik dövlətin bayrağı isə onun müstəqilliyini daha az ifadə etmir. Bayrağın ölçüsü onun təmsil etdiyi dövlətin hüquqi statusunu dəyişmir. Lakin həmin bayrağın arxasında dayanan siyasi iradə, dövlət institutları, iqtisadi qüdrət və xalqın birliyi onun real gücünü müəyyənləşdirir. Bayrağı yüksəltmək üçün onun təmsil etdiyi dövləti gücləndirmək lazımdır.

Azərbaycanın bayraq tarixi də çoxəsrlik dövlətçilik ənənələrinin, siyasi yüksəlişlərin və ağır məğlubiyyətlərin içərisindən keçir. Mürəkkəb coğrafiyada mövcud olmuş qədim və orta əsr dövlətlərinin, o cümlədən Şirvanşahların, Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin, Əfşarların və xanlıqların öz hakimiyyət və hərbi rəmzləri vardı. Əlbəttə, həmin dövrlərin bayraqlarını müasir milli dövlət bayraqları ilə eyniləşdirmək tarixi baxımdan düzgün olmazdı. Orta əsrlərdə bayraq çox vaxt hökmdarın, sülalənin, ordunun və dini-siyasi hakimiyyətin nişanı idi. Bununla belə, həmin rəmzlərin hər biri Azərbaycanda dövlətçilik mədəniyyətinin inkişafını öyrənmək üçün mühüm tarixi mənbədir. Şah İsmayıl Xətainin yaratdığı Səfəvi dövlətində hakimiyyət nişanları həm hərbi qüdrəti, həm də dövlətin dini-siyasi ideologiyasını ifadə edirdi. Səfəvilərin müxtəlif dövrlərində bayraq təsvirləri dəyişmiş, şir və günəş kimi rəmzlər müəyyən mərhələlərdə xüsusi əhəmiyyət qazanmışdı. Nadir şah Əfşarın yürüşlərində hərbi bayraqlar böyük imperiya hakimiyyətinin əlamətlərindən idi. Sonrakı xanlıqlar dövründə isə ayrı-ayrı siyasi hakimiyyətlərin bayraqları mövcud idi. XVIII əsrə aid Bakı xanlığının günümüzədək qorunmuş bayrağı həmin dövlətçilik tarixinin maddi sübutlarından biridir.
XIX əsrdə xanlıqların müstəqilliyinin itirilməsi ilə həmin siyasi qurumların hakimiyyət rəmzləri də əvvəlki dövlətçilik funksiyasını itirdi. XX əsrin əvvəllərində Azərbaycan xalqının qarşısında duran böyük tarixi vəzifə keçmiş dövlətçilik ənənələrini yeni milli ideya ətrafında birləşdirmək, müasir və müstəqil respublika yaratmaq idi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə bu ideya siyasi gerçəkliyə çevrildi. Həmin ilin noyabrın 9-da Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumətin mavi, qırmızı və yaşıl rəngli bayrağı qəbul etməsi isə yeni dövlətin siyasi və mənəvi əsaslarını rəmzləşdirdi.
Azərbaycanın üçrəngli bayrağı dünyanın bir çox dövlət bayraqlarından məhz ideoloji məzmununa görə fərqlənir. Onun rəngləri təsadüfi seçilməmişdi. Mavi türk mənşəyimizi və milli kimliyimizi, qırmızı müasirliyi, tərəqqini və demokratik dövlət quruculuğunu, yaşıl isə İslam sivilizasiyası ilə tarixi və mənəvi bağlılığımızı ifadə edirdi. Əli bəy Hüseynzadənin siyasi-fəlsəfi düşüncəsində formalaşan türkləşmək, islamlaşmaq və müasirləşmək ideyaları Cümhuriyyətin bayrağında yeni dövlətin məfkurəvi dayaqlarına çevrildi.
Azərbaycan ədəbiyyatında bayrağa həsr olunmuş əsərlər onun niyə yalnız maddi rəmz olmadığını göstərir. Heç bir insan həyatını sadəcə bir parça kətan üçün qurban vermir. İnsanlar həmin bayrağın təmsil etdiyi torpaq, azadlıq, ləyaqət, tarix və gələcək uğrunda mübarizə aparırlar.
Təəssüf ki, Respublika qurucularının böyük arzusu 1920-ci ilin aprelində ağır sınaqla üzləşdi, bayraq endirildi, lakin onu yaradan dövlətçilik ideyası məhv olmadı. Yetmiş il sonra həmin ideyanın yenidən xalqın siyasi iradəsinə çevrilməsi bunu təsdiqlədi.
1980-ci illərin sonlarında 20 Yanvar faciəsindən sonra isə üçrəngli bayraq milli ləyaqətin, azadlıq uğrunda mübarizənin və dövlət müstəqilliyinə qayıdışın ən güclü rəmzlərindən birinə çevrildi. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağın Naxçıvanın dövlət bayrağı kimi qəbul edilməsi böyük tarixi-siyasi əhəmiyyət daşıyırdı.
Lakin 1991-ci ildə dövlət bayrağını yenidən qəbul edən Azərbaycan bir neçə il sonra həmin bayrağın ikinci dəfə endirilməsi təhlükəsi ilə qarşılaşmışdı. Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş şəhər və kəndlərdən Azərbaycanın dövlət bayrağı endirilir, onun yerində separatçı qurumun rəmzləri qaldırılırdı. Ölkə daxilində hakimiyyət uğrunda mübarizə, silahlı qarşıdurmalar və siyasi parçalanma meyilləri güclənirdi.
Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıdışının dövlət hakimiyyətinin sabitləşdirilməsi, silahlı qarşıdurmaların qarşısının alınması, idarəetmənin bərpası və müstəqil dövlət institutlarının möhkəmləndirilməsi üçrəngli bayrağımızın da xilası və Qurtuluşu oldu. Böyük dövlət adamı, siyasi həyatında yüzlərlə sınaqdan uğurla çıxaraq heç vaxt diz çökməyən Ulu öndər Konstitusiyaya və müqəddəs Qurana and içdikdən sonra yalnız Uca Bayrağımız qarşısında ehtiramla təzim etmiş, onu varlığı ilə öpmüşdü.

Heydər Əliyevin Azərbaycan bayrağına münasibəti yalnız dövlət protokolu ilə məhdudlaşmırdı. Onun bayrağa ehtiramı ictimai-siyasi həyatda dövlət rəmzi kimi mənəvi əhəmiyyətini artırırdı. Dövlət bayrağına göstərilən hörmətin hökumət binalarından məktəblərə, ali təhsil müəssisələrinə, hərbi hissələrə, idman meydanlarına və vətəndaşların gündəlik həyatına keçməsi müstəqillik şüurunun möhkəmlənməsində mühüm rol oynadı. Dövlət bayrağı hansısa siyasi partiyaya, hakimiyyət qrupuna və ya ayrı-ayrı şəxslərə məxsus deyil. O, bütün Azərbaycan xalqının ortaq sərvətidir. Ona ehtiram dövlətə, müstəqilliyə və xalqın suveren iradəsinə ehtiramdır.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan bayrağının beynəlxalq aləmdə mövqeyi və dövlətin real imkanları arasında yeni əlaqə formalaşdı. Ölkənin iqtisadi gücünün artması, strateji enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, ordunun yenidən qurulması, beynəlxalq diplomatik fəaliyyətin genişlənməsi Azərbaycan dövlətinin siyasi çəkisini artırdı. Bayrağımız beynəlxalq sammitlərdə, iqtisadi forumlarda, böyük idman və mədəniyyət tədbirlərində daha geniş təmsil olunmağa başladı. Prezidentin 2007-ci ildə Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncamı, 2009-cu ildə isə noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi təsis edilməsi dövlətçilik tariximizə və milli rəmzlərimizə verilən əhəmiyyəti göstərirdi.

Dövlətlərin tarixində hərbi və siyasi məğlubiyyətlərdən sonra xalqın özünəinamının bərpası xüsusi əhəmiyyət daşıyır. İkinci Dünya müharibəsindən sonra Almaniya Federativ Respublikasının keçdiyi yol buna maraqlı nümunədir. Konrad Adenauerin rəhbərliyi ilə ölkənin iqtisadi və siyasi bərpası həyata keçirilərkən demokratik dövlət institutlarının yaradılması, beynəlxalq etimadın qazanılması və cəmiyyətin yeni milli kimlik ətrafında birləşməsi əsas vəzifələrdən idi. 1954-cü ildə Qərbi Almaniya futbol yığmasının dünya çempionu olması alman cəmiyyətində böyük mənəvi yüksəliş yaratdı. Tarixə “Bern möcüzəsi” kimi düşən həmin qələbə müharibədən sonrakı Almaniyanın özünəinamının formalaşmasında mühüm hadisə sayılır. Belə uğurların əhəmiyyəti yalnız idman nəticəsi ilə ölçülmür. Beynəlxalq arenada qazanılan qələbələr, milli bayrağın yüksəlməsi, dövlət himninin səslənməsi cəmiyyətin öz ölkəsinə inamını gücləndirə bilir. Azərbaycan da uzun illər ərzində beynəlxalq idman, mədəniyyət və diplomatiya meydanlarında bu mənəvi yüksəlişin müxtəlif nümunələrini yaşadı. Lakin bizim qarşımızda daha ağır və tarixi bir vəzifə dayanırdı: müharibədə uduzulmuş torpaqlara dövlət bayrağını geri qaytarmaq, milli məğlubiyyətin nəticələrini aradan qaldırmaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan bayrağının tarixində yeni mərhələnin başlanğıcı oldu. Otuz ilə yaxın işğal altında qalmış torpaqlara ordumuzun irəliləməsi ilə üçrəngli bayrağımız da qayıdırdı. Müqəddəs savaşın hər günü şanlı ordumuzun, əsgərlərin azad etdikləri hər kəndə, hər yaşayış məntəqəsinə, hər dağ zirvəsinə Azərbaycan bayrağını aparması müharibənin mənəvi məzmununu açıq göstərirdi. Əcdadlarımızın getdiyi yola sancılan və zirvəyə aparan simvol kimi Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Hadrutda və digər azad edilmiş ərazilərdə dalğalanan bayrağımız həmin torpaqlar üzərində Azərbaycanın suverenliyinin bərpasını ifadə edirdi. Azərbaycan əsgəri işğaldan azad etdiyi hər yüksəklikdə dövlət bayrağını suverenlik möhürü kimi ucaldırdı.
44 günlük müharibənin hər günü xalqımızın yaddaşında bayraqla bağlı ayrıca mənzərələr yaratdı. Ali Baş Komandanın azad edilmiş şəhər və kəndlər haqqında müjdələri yayıldıqca insanlar küçələrə bayraqlarla çıxır, evlərin pəncərələrindən, eyvanlardan, avtomobillərdən üçrəngli bayraqlar asırdılar. Cəbhədə Azərbaycan əsgərinin qaldırdığı bayraq arxa cəbhədə milyonlarla insanın sevincinə çevrilirdi. Həmin günlərdə dövlət bayrağı hərbi birliklərin rəmzi olmaqla yanaşı, xalqın ortaq iradəsini, səfərbərliyini və Qələbəyə inamını ifadə edirdi. Bir tərəfdə azad edilmiş yüksəklikdə bayraq qaldıran əsgər, digər tərəfdə həmin görüntüyə baxaraq sevinc göz yaşları tökən vətəndaş vardı. 2020-ci ilin parlaq Zəfəri eyni zamanda Azərbaycan bayraqlarının işğaldan azad edilən torpaqlara qayıdış yürüşü oldu.

Bir əsgərin azad etdiyi zirvədə ucaltdığı bayraq digər əsgərin son mənzilə yola salınmasında dövlət ehtiramının rəmzinə çevrilirdi. Şəhid tabutunun üzərinə sərilən üçrəngli bayraq, sonradan ehtiramla ailəsinə təqdim edilən dövlət rəmzi xalqımızın yaddaşına həkk olunmuş ən təsirli mənzərələrdəndir. Qələbə bayrağının hər rəngində dövlətimizin tarixi idealları olduğu kimi, onun müharibədən sonrakı mənasında şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın otuzillik mübarizəsi dayanır.
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Ulu öndərin və çoxəsrlik tariximizdə torpaqlar uğrunda mübarizə aparan liderlərin arzuları həyata keçdi, bayrağımız da ən yüksək mənəvi zirvəsinə çatdı. Qarabağ işğala uğrayanda mədəniyyətimiz, musiqimiz, poeziyamız da təcavüzün mirasını öz üzərində daşıyırdı. Lakin indi Şuşa Zirvəsi dövlətimizi, millətimizi coğrafi və ruhi miqyası qədər ucaltdığı üçün ondan yüksəklərdə tək bir qüvvə var – Azərbaycan bayrağı!
Qalib təqvim məhz noyabrda yazıldı. Zəfər və Bayraq günü eyni ayda, vahid məna və ardıcıllıqda birləşdi, Azərbaycan dövlətçiliyinin son yüz ildən artıq tarixində yeni siyasi və mənəvi dönüş baş verdi. Qalibiyyət bayrağı indi dünyada fərqli məna daşıyır.
2023-cü ilin sentyabrında keçirilən hərbi əməliyyatlardan sonra Azərbaycanın bütün ərazisində suverenliyin bərpa olunması, oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndinin mərkəzi meydanında dövlət bayrağını ucaltması isə tarixi prosesin yeni mərhələsi idi. Bir vaxtlar Azərbaycan bayrağının endirildiyi, separatçı qurumun rəmzlərinin qaldırıldığı şəhərdə artıq dövlətimizin üçrəngli bayrağı dalğalanırdı. Həmin ilin noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad Azərbaycanın dövlətçilik salnaməsinə yeni səhifə kimi daxil oldu. Azərbaycan əsgərləri otuz ildən artıq davam etmiş münaqişənin ən mühüm siyasi mərkəzlərindən biri olmuş şəhərdə öz dövlətinin bayrağı altında təntənəli yürüş etdilər. Bu mənzərənin ayrıca izaha ehtiyacı yox idi. Ordumuzun Xankəndidə keçirdiyi parad, orada dalğalanan üçrəngli bayraqlar və Ali Baş Komandanın azad torpaqlardan xalqa müraciəti ölkənin bütün ərazisində vahid dövlət hakimiyyətinin bərpasını təsdiqləyirdi.

Dövlət bayrağı uğrunda şəhidlik ən yüksək fədakarlıq nümunəsidir. Lakin bayrağa ehtiram yalnız onun naminə can verməklə məhdudlaşmır. Dövlətin gələcəyi üçün yaşamaq, vicdanla çalışmaq, cəmiyyət həyatının bütün sferalarında ölkəmizi gücləndirmək də vətənpərvərlikdir. Azərbaycan bayrağını beynəlxalq elm yarışlarında yüksəldən gənc, dünya çempionatında Qələbə qazanan idmançı, beynəlxalq danışıqlarda milli maraqları qoruyan diplomat, ölkəmizə yeni texnologiya gətirən mühəndis, yüksək ixtisaslı kadr hazırlayan müəllim də dövlətimizin nüfuzuna xidmət edir.
Bir əsrdən artıq tarixə malik üçrəngli bayrağımız indi özünün ən böyük Zəfər dövrünü yaşayır. Onun taleyində Cümhuriyyət qurucularının istiqlal arzuları, 1920-ci ilin acı məğlubiyyəti, sovet dövrünün ağır siyasi məhdudiyyətləri, 1990-cı illərin azadlıq mübarizəsi, dövlətçiliyimizin xilas edilməsi, uzun illər davam edən işğal, 44 günlük Vətən müharibəsinin qəhrəmanlığı və Xankəndidə bərpa olunmuş suverenlik birləşir.
Gələcək nəsillərin vəzifəsi isə həmin Qələbənin üzərində daha güclü, daha firavan, daha ədalətli Azərbaycan qurmaq olacaq.
Bayrağımızın bir daha enməməsi şanlı ordumuzla bərabər, hər bir azərbaycanlıdan asılıdır. Ona görə də üçrəngli bayrağımızı hər bir vətəndaşımız yüksək tutmalıdır.
Azərbaycanın müstəqillik tarixində ilk dəfə Şuşa və Dövlət Bayrağımız yüksəkliyin etalonuna çevrilib!
Zahid Oruc,
Milli Məclisin insan hüquqları komitəsinin sədri
Xüsusi olaraq TodayPress TV üçün.