Dakar-2026 başa çatdı: Azərbaycan bayrağını 6 medal ucaltdı!

Dakar-2026 başa çatdı: Azərbaycan bayrağını 6 medal ucaltdı!
13.11.2026 16:00 İdman

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Azərbaycan komandası üçün başa çatıb.

TodayPress TV Milli Olimpiya Komitəsinə istinadən xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın sonuncu təmsilçisi Abbas Hüseynov qılıncoynatmanın sablya növündə mübarizə aparıb.

İdmançımız qrup mərhələsindəki ilk görüşündə sinqapurlu Auw Eştona məğlub olub. Lakin sonrakı qarşılaşmalarda türkiyəli Candeniz Berrak, seneqallı Cibril Queye, islandiyalı Ari Conasson, iraqlı Hayder Əl-Əsadi və qazaxıstanlı Aibar Kaıym üzərində qələbə qazanıb.

Abbas Hüseynov növbəti mərhələdə gürcüstanlı Giorgi Uruşadze ilə qarşılaşıb. Rəqibinə məğlub olan qılıncoynadanımız turnirdə mübarizəni dayandırıb.

Beləliklə, Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarını 3 qızıl və 3 gümüş olmaqla, ümumilikdə 6 medalla başa vurub.

Qızıl medalları cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazanıblar.

Çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq), taekvondoçu Adil Kazımlı (73 kq) və boksçu Gülər Hüseynova (51 kq) isə fəxri kürsünün ikinci pilləsinə yüksələrək gümüş medallara sahib olublar.

Namiq HUN

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər