Moskva bu dəfə Finlandiyanı hədəfə aldı: NATO-dan çıxsın!
Finlandiya NATO-dan çıxmalı, Donbas Moskvaya verilməlidir.
TodayPress TV xəbər verir ki, Almaniyanın “Bild” nəşri Rusiyanın Əbu-Dabidə keçirilən danışıqlar zamanı Avropada yeni təhlükəsizlik qaydasının formalaşdırılması ilə bağlı qeyri-rəsmi təkliflər irəli sürdüyünü yazıb.
Nəşrin məlumatına görə, Moskvanın təqdim etdiyi təkliflər Ukraynanın işğal altında olan ərazilərinin Rusiyanın nəzarətində qalmasını, Donbasın tamamilə Moskvaya verilməsini və Ukraynanın NATO-ya üzvlük iddiasından birdəfəlik imtina etməsini nəzərdə tutur. Kiyevin Avropa İttifaqına üzvlük perspektivinin isə açıq saxlanılması təklif olunur.
"Bild"in yazdığına görə, sənəddə daha geniş geosiyasi tələblər də yer alıb. Belə ki, Finlandiyanın NATO-dan çıxaraq alyansa üzvlükdən əvvəlki statusuna qayıtması, Estoniya, Latviya və Litvada NATO hərbi bazalarının yerləşdirilməsinə qadağa qoyulması təklif edilir. Qara dənizdə və Baltik dənizində naviqasiya azadlığının təmin edilməsi, Odessa və Nikolayev limanlarının isə silahsızlaşdırılması da planın müddəaları arasındadır.
Moskvanın Moldova ilə bağlı təklifləri də diqqət çəkir. Nəşrin məlumatına əsasən, Rusiya Moldovanın Dnestryanı və Qaqauziyanın da daxil olduğu federal respublikaya çevrilməsini istəyir. Moldova Avropa İttifaqına üzv olacağı təqdirdə həmin bölgələrdə müstəqillik referendumlarının keçirilməsi də nəzərdə tutulur.
Bunun müqabilində Rusiya Belarusdan nüvə silahlarının çıxarılmasını, orada orta mənzilli raketlərin yerləşdirilməməsini və Dnestryanıdakı qoşunlarını geri çəkməyi təklif edib.
Qeyd edək ki, “Bild” bu təkliflərin Vladimir Putinin təsdiqlədiyi rəsmi sənəd olmadığını xüsusi vurğulayıb. Məlumata görə, Moskva daxilində bir neçə vasitəçi qrupun fərqli təklifləri mövcuddur və onların hansı versiyasının Kreml tərəfindən dəstəkləndiyi hələ məlum deyil.
Xatırladaq ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə danışıqlar keçirilib. Görüşlərdə əsir mübadiləsi ilə bağlı prinsipial razılıq əldə olunsa da, müharibənin əsas mübahisəli məsələləri üzrə yekun razılaşma əldə edilməyib.
Jalə Rövşən