Bakı yenidən diplomatik mərkəzə çevrilir: Hakan Fidanın səfəri Ankara ilə Təl-Əviv arasında körpü ola bilərmi?
Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda səfərdədir.
Onun Azərbaycana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla görüşü keçirilib. Daha sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Bəs səfərin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan hansı nəticələri ola bilər?
Digər bir məqam Türkiyə-İsrail münasibətləridir. Azərbaycanın bu mövzuda balanslı siyasət yürütdüyü hər kəsə məlumdur. Bəs Azərbaycan Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması istiqamətində hansı addımları ata bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Çingiz Şahbazi bildirib ki, bu səfər adi diplomatik səfərdən daha geniş məna daşıyır:
“Hazırkı regional vəziyyətdə Hakan Fidanın sentyabrın 15-16-da Bakıya səfəri həm Azərbaycan-Türkiyə münasibətlərinin koordinasiyası, həm də Yaxın Şərqdə Türkiyə-İsrail qarşıdurmasının idarə olunması baxımından diqqət çəkir.
Səfərin əsas məqsədləri sırasında Türkiyə-Azərbaycan strateji münasibətlərinin daha da dərinləşdirilməsi, müdafiə və təhlükəsizlik əməkdaşlığı, iki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması, enerji və nəqliyyat layihələri, Azərbaycan-Ermənistan sülh prosesi, Türk Dövlətləri Təşkilatı və COP31 məsələlərinin müzakirəsi var”.
Ekspertin sözlərinə görə, səfərin ən mühüm tərəfi regional təhlükəsizlik məsələləridir. Çünki Azərbaycan hazırda həm Türkiyə, həm də İsraillə işləyən nadir ölkələrdəndir:
“Bakının mövqeyi Təl-Əviv və Ankara arasında vasitəçi rolunu oynaya biləcək vəziyyətdədir. Həmçinin Azərbaycan bu məsələdə xüsusi mövqeyə malikdir. Azərbaycanın həm İsraillə strateji münasibətləri, həm də Türkiyə ilə müttəfiqlik münasibətləri mövcuddur. Bu da Bakıya Türkiyə və İsrailin bir-biri ilə danışa bildiyi azsaylı platformalardan birinə çevrilmək imkanı verir.
Bakı bu istiqamətdə artıq bir neçə dəfə vasitəçilik missiyasını həyata keçirib. Keçən il Türkiyə və İsrail nümayəndələri Suriyadakı vəziyyətlə bağlı Bakıda danışıqlar aparıblar. Bilirsiniz ki, hazırda iki ölkə arasında yenidən Suriyadakı vəziyyətlə bağlı gərginlik artmaqdadır və bu səbəbdən Hakan Fidanın Bakıya səfəri Azərbaycanın vasitəçilik imkanlarının yenidən gündəmə gəlməsi üçün əlverişli şərait yaradır.
İsrail və Türkiyə arasında gərginlik çox ciddidir və tərəflər qarşılıqlı olaraq bir-birinə təhdidlər edirlər. Ankara İsrailin Qəzza siyasətini çox sərt şəkildə tənqid edir. Bundan başqa, Türkiyə və İsrailin Suriyanın gələcəyi, regional təhlükəsizlik və Yaxın Şərqdə güc balansı ilə bağlı ciddi fikir ayrılıqları var”.
Ç.Şahbazi əlavə edib ki, Türkiyə-İsrail münasibətlərinin Qəzza və Suriya məsələlərinə görə gərgin olması fonunda Hakan Fidanın Türkiyənin regional müharibəyə daxil olmaq istəmədiyini və diplomatiyaya üstünlük verdiyini bildirməsi, Beynəlxalq Böhran Qrupunun da Türkiyənin hazırda regiondakı böhranda müxtəlif tərəflərlə əlaqə saxlamaq imkanını mühüm diplomatik üstünlük kimi qiymətləndirməsi və bütün bunların fonunda Hakan Fidanın yenidən Bakıya səfər etməsi heç şübhəsiz ki, mövcud böhranın nizama salınması üçün Bakının vasitəçilik missiyasına ehtiyac olduğunu göstərir:
“Hakan Fidan Türkiyənin xarici siyasətində yalnız ənənəvi diplomat deyil. O, keçmiş kəşfiyyat rəhbəri kimi təhlükəsizlik və diplomatiyanı birlikdə düşünən fiqurdur. Türkiyə artıq Rusiya-Ukrayna, ABŞ-İran və digər böhranlarda vasitəçilik kanallarında iştirak edən ölkədir. Fidanın Bakıya səfəri bu baxımdan da strateji əhəmiyyətli hesab edilə bilər.
Bu baxımdan, səfər Azərbaycan-Türkiyə qardaşlığı və iqtisadi məsələlərə dair həyata keçirilsə də, məncə, pərdəarxasında ən mühüm mövzulardan biri Türkiyə-İsrail münasibətlərinin gələcəyi, Azərbaycanın bu münasibətlərin qurulmasındakı rolu və mümkün vasitəçilik missiyası ilə daha çox bağlıdır. Dünya mətbuatında da Azərbaycanın Türkiyə və İsrail arasında ciddi vasitəçi ola biləcəyi fikri açıq şəkildə müzakirə olunur”.
Qiymət Mahir