ABŞ səması hələ də 90-cı illərin proqramı ilə idarə olunur: Vaşinqton büdcə axtarışındadır
ABŞ hakimiyyəti ölkədə uçuşlara nəzarət üzrə yeni sistemin arxitekturasını artıq hazırlayıb. Zəruri maliyyə vəsaiti dərhal ayrılarsa, modernləşdirmə işləri 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlində başa çatdırıla bilər.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi "CNN" telekanalının efirində bildirib.
Onun sözlərinə görə, dayanıqlı telekommunikasiya sisteminin arxitekturası hazırdır. Lakin layihəni tamamlamaq və yeni sistemi qurmaq üçün əlavə maliyyə vəsaitinə ehtiyac var. Daffi bildirib ki, maliyyə bu gün ayrılsa və tikinti işlərinə sabah başlanılsa, sistem 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlində hazır ola bilər.
Nazir qeyd edib ki, ötən il Konqres tərəfindən Nəqliyyat Nazirliyinə ayrılan 12,5 milyard dollar dispetçer qüllələrindəki avadanlıqların yenilənməsi üçün nəzərdə tutulub. Bu vəsait uçuşların idarə edilməsi üzrə yeni sistemin qurulmasını əhatə etmir.
Daffinin sözlərinə görə, hazırda istifadə olunan uçuşların idarə edilməsi proqram təminatı 1990-cı illərə aiddir və onun yenilənməsi üçün ayrılmış maliyyə kifayət etmir. O vurğulayıb ki, mövcud vəsait ABŞ-nin hava məkanında yaranan bütün problemləri aradan qaldırmaq üçün yetərli deyil.
Qeyd edək ki, noyabrın 13-də ABŞ Federal Aviasiya Administrasiyası hava hərəkətinə nəzarət mərkəzlərində rabitə sistemində yaranan nasazlıq səbəbindən ölkə üzrə bütün uçuşları dörd saatdan çox müddətə dayandırıb. Bu, son 25 ildə ABŞ-də ən uzunmüddətli ümummilli uçuş məhdudiyyəti olub.
Aysel Mətləb