Fars körfəzində "qara qızıl" fəlakəti - Bir tanker batdı, digəri yanır
2 milyondan çox barel neft daşıyan supertanker dəniz minasının partlaması nəticəsində Fars körfəzinin cənub hissəsində batıb. Hörmüz boğazında İranın icazə vermədiyi marşrutla hərəkət edən və partlayışa məruz qalan ikinci gəmidə isə yanğın baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin elit bölmələri olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
“Bu gəmilərdən biri – 2 milyondan çox barel neft daşıyan supertanker partlayış və çox güclü yanğından sonra Fars körfəzinin cənub sularında batıb”, - deyə bildirilib.
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, hər iki tanker ABŞ ordusunun dəstəyi ilə bütün tanınma və yer müəyyənləşdirmə sistemlərini söndürərək boğazın cənub marşrutu ilə gizli şəkildə keçməyə cəhd edib.
Bölgədəki balıqçılara batmış gəmiyə rast gəlməmək üçün təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə olunub. Gəmi sahibləri, gəmiçilik şirkətləri və ekipaj üzvləri isə Hörmüz boğazının qadağan olunmuş zonasına yaxınlaşmamaq barədə xəbərdar ediliblər.
Aysel Mətləb