Azərbaycan cüdoçusu Zaqrebdə keçirilən cüdo üzrə Qran-pridə qızıl medal qazandı
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Zaqrebdə keçirilən Qran-pri turnirində qızıl medal qazanıb.
TodayPress TV xəbər verir ki, o, final görüşündə Almaniya təmsilçisi Losseni Koneyə qalib gəlib.
Xorvatiyanın paytaxtında çempionluq titulunu qorumaq yolunda Nəsibov dörd görüşdə qələbə qazanıb və onlardan üçü əlavə vaxtda (golden score) başa çatıb. Yarımfinalda idmançımız turnirin üçüncü nömrəsi olan gürcüstanlı Saba İnaneişvilini ipponla məğlub edib.
Bu qələbə Nəsibova karyerasında Dünya Turu turnirlərində üçüncü titulunu qazandırıb, həmçinin Kone ilə şəxsi qarşılaşmalarda 2:1 hesabı ilə önə keçməsinə imkan verib.
Uşanqi Kokauri yarımfinalda zədələndiyi üçün bürünc medal görüşünə çıxmadı və Zaqreb Qran-Prisini 5-ci pillədə tamamladı.