Azərbaycan əsgəri Ermənistanda necə görünür?
Son günlər müşahidə edirik ki, Laçın istiqamətindən Ermənistanın Sünik vilayətinin Şəki kəndinə keçən Nəsimi Musayevin saxlanılması İrəvanda köhnə qorxuları, psixoloji gərginliyi yenidən alovlandırıb.

Erməni cəmiyyətində Azərbaycan əsgəri uzun illərdir, “təhlükə” və “düşmən” simvolu kimi formalaşıb. 2020 və 2023-cü il hadisələrindən sonra bu obraz daha da möhkəmlənib. Bir çox erməni üçün sərhədi keçən silahlı azərbaycanlı – istər qəsdən, istərsə də təsadüfən – potensial təhlükə, kəşfiyyatçı və ya təxribatçı kimi qəbul olunur. Şəki hadisəsi bu stereotipi yenidən aktivləşdirdi: silahlı əsgərin kəndə daxil olması, evə girməsi “sərhədin etibarsızlığı” və “növbəti təhdidin siqnalı” kimi oxundu. Erməni sosial şəbəkə seqmentində və müxalif dairələrdə Musayev “20 il həbsə layiq cinayətkar”, “kəşfiyyatçı” və ya “sərhəddəki boşluqları yoxlayan şəxs” kimi təqdim olundu. Bəzi şərhçilər “bir nəfər keçibsə, bütöv batalyon da keçə bilər” deyə narahatlıq ifadə etdi.
Paşinyan hökuməti isə kütləvi panikanı yatırmaq üçün başqa xətt tutur. Baş nazir dəfələrlə vurğulayıb ki, əsgər müqavimət göstərməyib, xəsarət alıb və təxribatçı deyil; ərazi çətin, duman ola bilər, o, sadəcə azmış ola bilər. Paşinyan hətta yaralı qadının polisi gözləmədiyini tənqid edərək hadisəni “klassik cinayət süjeti” adlandırdı. Başa düşüləndir ki, İrəvan rəhbərliyi sülh danışıqlarına kölgə düşməsinin qarşısını almaq istəyir. Lakin bu, daşnaqçı, terrorçu və əsasən yarım-səhra komandirlərindən ibarət olan müxalifətin qəzəbini daha da artırır. Müxalifətçilər hökumətin bu mövqeyini acizlik sayır, əsgərin dərhal qaytarılmasına qarşı çıxaraq ondan Bakıdakı əsirlərlə dəyişdirmək üçün istifadə olunmasını tələb edirlər.
Ortaya çıxan mənzərə iki fərqli reallığı göstərir. Sərhəd kəndlərində yaşayanlar üçün bu hadisə dövlətin onları qoruya bilmədiyinin sübutudur. Siyasətçilər üçün isə daxili mübarizədə qarşı tərəfi vurmaq üçün əlverişli fürsətdir.
Prosesin hüquqi tərəfi məhkəmə zalında davam edə bilər, amma erməni şüurundakı qorxu mexanizmi artıq işə düşüb. Nəsimi Musayev hadisəsi bir daha göstərdi ki, Erməni cəmiyyətində Azərbaycan əsgəri hələ də neytral şəxs deyil. O, ya “düşmən”, ya da “sülhün sınaq daşı” kimi oxunur. Bu psixoloji baryeri aşmaq mümkün olacaqmı? Neçə aya, ilə? İki cəmiyyətin də bir-birinə inamı yoxdur. Bu, sirr deyil, heç gözlənilməz də deyil. İllərlə davam edən qorxu, gərginlik bu qədər asan silinib atıla bilməz. Real etimad mühidi üçün illər, on illilər lazımdır.
Qiymət Mahir