Misirdə fironların dövründən qalmış ritualın izləri tapıldı
Qədim Fiv şəhərində məbədin yaxınlığındakı tullantı quyusunda arxeoloqlar lənət ritualına aid 40 kömürləşmiş papirus parçası aşkar ediblər. Tapıntı bu ritualın əvvəllər düşünüldüyündən daha qədim olduğunu və geniş yayıldığını göstərib.
TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri “Zeitschrift für Ägyptische Sprache und Altertumskunde” elmi jurnalında dərc olunub.
İndiyədək misirşünasların əlində Apop ritualına dair yalnız eramızdan əvvəl IV əsrin sonlarına aid bir nüsxə olub. Yeni tapılan papirus parçaları isə təxminən 3 400 il əvvələ aiddir və ritualın həqiqətən həyata keçirildiyini təsdiqləyən ən qədim maddi sübut hesab olunur.
Ritualın əsas məqsədi günəş tanrısı Ra-nın əsas düşməni, xaosun təcəssümü sayılan Apop adlı ilanı simvolik olaraq məhv etmək olub. Qədim inanclara görə, Ra hər gecə yeraltı dünyada Apopla mübarizə aparırdı.
Sonralar ritualdan fironun düşmənlərini, eləcə də digər şəxsləri lənətləmək, ilanla əlaqələndirilən zəhər və pis hava kimi hadisələrə qarşı yönəlmiş ayinlərdə də istifadə edilib.
Kopenhagen Universitetinin misirşünaslıq professoru Fredrik Hagen bildirib ki, tapılan papirus parçaları lənət rituallarının qədim Misirdə nə qədər geniş yayıldığına dair yeni məlumatlar verir. Onun sözlərinə görə, bu ayinlər məbədlərdə mütəmadi həyata keçirilib, eyni zamanda məbəddən kənarda da geniş tətbiq olunub.
Marka ölçüsünün yarısından böyük olmayan papirus parçalarında Apopun təsvirləri və ritual mətnləri yer alıb. İlanın adı qırmızı mürəkkəblə yazılıb, mumdan fiquru hazırlanıb, daha sonra bıçaqla deşilib, tapdalanıb, üzərinə tüpürülüb və sehrli sözlər oxunaraq yandırılıb.
Aşkar edilən parçaların bir çoxunun deşilmiş və kömürləşmiş olması ritualın materialların odla məhv edilməsini nəzərdə tutan təlimatlarına uyğun gəlir.
Fredrik Hagen qeyd edib ki, yeni tapıntılar ritualın eramızdan əvvəl IV əsrdə mövcud olan yazılı nümunədən təxminən 1 000 il daha qədim olduğunu təsdiqləyir. Beləliklə, Apopun məhv edilməsi ayini Yeni Krallıq dövründə də qədim Misir mədəniyyətinin bir hissəsi olub.
Aysel Mətləb