Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE
04.09.2026 15:19 Araşdırma

Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov ölkəmizin İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri təyin olundu.

TodayPress TV Vaqif Sadıqov haqqında məlumatları təqdim edir:

Vaqif İsmayıl oğlu Sadıqov 2 noyabr 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1978-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirmiş, 1986-cı ildə filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1991-ci ilin sonuna qədər həmin institutun ingilis dili fakültəsində baş müəllim vəzifəsində çalışan V.Sadıqov, həmçinin BAAU-nun fəxri doktorudur.

Təcrübəli diplomat əmək fəaliyyətinə 1992-ci ilin əvvəlində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar İdarəsinin 1-ci katibi kimi başlamış, 1993–1995-ci illərdə XİN-in hərbi-siyasi məsələlər üzrə şöbəsinin müdiri vəzifəsini icra etmişdir. Daha sonra geniş diplomatik fəaliyyətə başlayan Vaqif Sadıqov 1995–2004-cü illərdə Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda BMT-nin Vyana bölməsi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və ATƏT yanında daimi nümayəndəsi olmuşdur. O, həmçinin 1998–2004-cü illərdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat yanında, 2001–2004-cü illərdə isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) yanında ölkəmizi daimi nümayəndə kimi təmsil etmişdir.

2004–2010-cu illərdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini postunu tutan V.Sadıqov 2010–2016-cı illərdə İtaliyadakı səfirimiz kimi fəaliyyət göstərmişdir. O, 2016–2021-ci illərdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, 26 iyul 2021 – 10 avqust 2026-cı illərdə isə ölkəmizin Belçikadakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışmışdır.

Azərbaycan, ingilis, rus, fransız və alman dillərini mükəmməl bilən Vaqif Sadıqov zəngin diplomatik təcrübəsi ilə ölkəmizi beynəlxalq müstəvidə uğurla təmsil etməkdə davam edir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər