ABŞ və Çin ilk dəfə bu mövzuda üz-üzə gəlir - Sentyabrda böyük görüş
ABŞ və Çin Donald Trampın Ağ Evə qayıdışından sonra ilk dəfə yalnız süni intellekt (AI) məsələlərinə həsr olunmuş rəsmi ikitərəfli danışıqlar keçirməyə hazırlaşır.
TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, görüşlərin sentyabrın ortalarında keçirilməsi gözlənilir.
ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Bessentin rəhbərlik edəcəyi bildirilir. Çini isə Baş nazirin müavini He Lifeng və ya yüksək vəzifəli dövlət rəsmisi Din Syuesyanın təmsil edə biləcəyi qeyd olunur.
Danışıqlarda Vaşinqtonun əsas diqqəti süni intellektdən istifadə etməklə kiberhücumların monitorinqi sahəsində əməkdaşlığa yönəltmək niyyətində olduğu bildirilir.
ABŞ həmçinin Çin və Amerika süni intellekt laboratoriyalarının məlumat mübadiləsi aparmasını və kiberriskləri azaltmaq məqsədilə qaydalara əməl olunmasına qarşılıqlı nəzarət mexanizmləri yaratmasını təklif edib.
Bununla yanaşı, danışıqların gündəliyi və iştirakçıların yekun siyahısı hələ təsdiqlənməyib.
Məlumata görə, “Microsoft” şirkətinin keçmiş rəhbərlərindən biri olan Kreyq Mandi də danışıqlar ərəfəsində tərəflər arasında vasitəçi rolunu oynayır.
Kübra Musayeva