Çənələri çürüyən qızlar: Gənc qadınların mübarizəsi əmək qanunlarının təməlini qoydu

Çənələri çürüyən qızlar: Gənc qadınların mübarizəsi  əmək qanunlarının təməlini qoydu
14.08.2026 14:05 Araşdırma

1903-cü ildə Şərqi Londonun Bou rayonunda yerləşən "Bryant and May" kibrit fabrikində çəkilmiş bir fotoşəkil bu gün də sənaye tarixinin ən ağır görüntülərindən biri hesab olunur.

Fotodakı gənc qadınlar adi fabrik işçiləri kimi görünür. Amma onların üzlərində həmin dövrün təhlükəli əmək şəraitinin izləri var.

Bu qadınların işlədiyi sahədə kibrit istehsalında ağ fosfordan istifadə olunurdu. Ağ fosforla uzun müddət təmasda olmaq işçilərdə “fosfor çənəsi” kimi tanınan ağır xəstəliyə səbəb ola bilirdi. Xəstəlik dişlərdən və diş ətlərindən başlayır, daha sonra çənə sümüyünə qədər yayıla bilirdi. Ağır hallarda sümük toxuması ölür və ciddi cərrahi müdaxilə tələb olunurdu. 

Amma problem təkcə xəstəlik deyildi. Zavodlarda çalışan qadınların əmək şəraiti də olduqca ağır idi. İşçilər uzun saatlar işləyir, aşağı maaş alır və sərt qaydalarla üzləşirdilər.

1888-ci ildə "Bryant and May" fabrikində çalışan qadınlar bu vəziyyətə etiraz etdilər. Onların tətili Britaniyada əmək hüquqları tarixinin ən çox xatırlanan hadisələrindən birinə çevrildi. Tətilin tanınmış simalarından biri Sara Çepmen idi.

Qızların və qadın işçilərin etirazı cəmiyyətin diqqətini kibrit fabriklərindəki vəziyyətə yönəltdi. Onların mübarizəsi nəticəsində əmək şəraiti ilə bağlı məsələlər daha geniş müzakirə olunmağa başladı.

Lakin ağ fosforun istifadəsinin tamamilə dayandırılması üçün daha uzun müddət lazım gəldi.

1908-ci ildə Britaniya Parlamenti ağ fosforlu kibritlərin istehsalını və idxalını qadağan edən qanunu qəbul etdi. Parlament müzakirələrində məqsədlərdən biri də kibrit istehsalçıları arasında “fosfor çənəsi” xəstəliyinin qarşısını almaq kimi açıq şəkildə qeyd olunurdu. 

Beləliklə, bir qrup gənc qadının fabrikdə başladığı etiraz daha böyük əmək mübarizəsinin bir hissəsinə çevrildi.

Onlar siyasətçi deyildilər. Böyük imkanları da yox idi...

Bu gün həmin fotoşəkilə baxanda ən çox diqqət çəkən də budur: bir əsrdən artıq əvvəl çəkilmiş bu görüntü bizə əmək hüquqlarının hazır vəziyyətdə yaranmadığını xatırladır. Bu hüquqların arxasında fabriklərdə çalışan və öz səslərini eşitdirməyə çalışan insanların mübarizəsi var. 

Jalə Rövşən 

FOTOLAR

Çənələri çürüyən qızlar: Gənc qadınların mübarizəsi  əmək qanunlarının təməlini qoydu — 1
Çənələri çürüyən qızlar: Gənc qadınların mübarizəsi  əmək qanunlarının təməlini qoydu — 2
XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər