“Elə zənn edirdim ki, dövlətinizin dili rus dilidir” deyən Xameneini Heydər Əliyev belə peşman etdi

“Elə zənn edirdim ki, dövlətinizin dili rus dilidir” deyən Xameneini Heydər Əliyev belə peşman etdi
20.07.2026 16:25 Araşdırma

Keçmiş xarici işlər naziri Vilayət Quliyev Ümummilli Lider Heydər Əliyevin 2002-ci ilin may ayında İrana rəsmi səfəri zamanı İranın ali dini lideri Seyid Əli Xamenei ilə baş vermiş dialoqla bağlı xatirələrini bölüşüb.

TodayPress TV xəbər verir ki, Vilayət Quliyev 2020-ci ildə etdiyi paylaşımda səfərin son günündə Seyid Əli Xamenei ilə görüşün keçirildiyini bildirib.


Onun sözlərinə görə, Heydər Əliyev görüş zamanı Xameneinin doğulduğu Xamnə şəhərini xatırladaraq, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Fətəli Axundzadənin də əslən həmin yerdən olduğunu qeyd edib.

Vilayət Quliyev yazır ki, daha sonra söhbət Qarabağ münaqişəsi, Ermənistanla aparılan danışıqlar və İranın bu məsələyə münasibəti ətrafında davam edib.

Keçmiş nazirin sözlərinə görə, görüşün rəsmi hissəsində Seyid Əli Xamenei fars dilində çıxış edib və nitq rus dilinə tərcümə olunmağa başlanıb. Bu zaman Heydər Əliyev tərcüməçini saxlayaraq tərcümənin niyə rus dilinə aparıldığını soruşub.

“Mən elə zənn edirdim ki, sizin dövlətin dili rus dilidir”, – deyə Vilayət Quliyevin paylaşımında Xameneinin cavabı yer alıb.

Bunun ardınca Heydər Əliyevin Azərbaycanın dövlət dilinin heç vaxt rus dili olmadığını vurğuladığı bildirilir.

“Ay kişi, heç sovet dövründə də Azərbaycanın dövlət dili rus dili olmayıb. O vaxt da Konstitusiyamızda dövlət dilinin ana dilimiz olduğu yazılmışdı. Biz Moskvanın təzyiqlərinə baxmayaraq bu dili qorumuş, inkişaf etdirmişik”, – deyə Ümummilli Liderin sözləri paylaşımda qeyd olunub.

Vilayət Quliyev qeyd edib ki, Heydər Əliyevin etirazından sonra İran tərəfi çaşqınlıq yaşayıb. Daha sonra Prezident gərginliyi yumşaltmaq üçün tərcümənin Azərbaycan səfiri tərəfindən həyata keçirilməsini təklif edib.

Keçmiş xarici işlər naziri görüşün sonunda Heydər Əliyevin “bugünkü görüşümüzün ən böyük faydası Azərbaycanın dövlət dilinin rus dili olmadığını öyrənməyiniz oldu” ifadəsini işlətdiyini də xatırladıb. Onun sözlərinə görə, Seyid Əli Xamenei buna “Əstəğfürullah! Əstəğfürullah!” deməklə cavab verib.

Vilayət Quliyev həmin səfər zamanı baş vermiş digər bir epizodu da bölüşüb. O bildirib ki, Prezident Məhəmməd Hatəmi ilə Xəzər dənizinin hüquqi statusu müzakirə olunarkən İran Prezidenti dəfələrlə “Xəzər dənizi” əvəzinə “Mazandaran gölü” ifadəsini işlədib.

Paylaşımda qeyd olunur ki, Heydər Əliyev buna cavab olaraq, “Siz Mazandaran gölünün problemlərindən danışacaqsınız, mən də Quzğun dənizinin delimitasiyasından?” deyə münasibət bildirib.

Vilayət Quliyevin sözlərinə görə, bu iraddan sonra Məhəmməd Hatəmi üzr istəyib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər