“Şamaxı” – “Turan Tovuz” matçından sonra intizam qərarları açıqlanıb
Azərbaycan Premyer Liqasının XII turunda keçirilən “Şamaxı” - “Turan Tovuz” matçında baş verən intizam pozuntularına görə hər iki klub cəzalandırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Qarşılaşma zamanı hər iki komandanın baş məşqçisi rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Nəticədə Araz Bağırov və Yunis Hüseynov hər biri 3 oyunluq cəzalandırılıb. Hər iki klub 8000 manat məbləğində cərimə olunub.
Bundan başqa, “Turan Tovuz”un futbolçusu Xorxe Silva kobud davranışına görə qırmızı vərəqə ilə cəzalandırılıb. Futbolçu 1-i şərti olmaqla 3 oyunluq diskvalifikasiya edilib. Tovuz təmsilçisinə əlavə olaraq 3000 manat cərimə tətbiq olunub.
Həmçinin Xorxe Silva üçün 6 aylıq sınaq müddəti müəyyənləşdirilib.
Namiq HUN