Makginlə insident Türkiyədə gündəm oldu – Batrakova böyük dəstək!
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Aston Villa” ilə qarşılaşmada (1:0) çıxış edən Aleksey Batrakovun oyunu və Con Makginlə yaşadığı insidenti müzakirə olunub.
TodayPress TV xəbər verir ki, “Qalatasaray”ı işıqlandıran türkiyəli jurnalist Cenk Çınarın sözlərinə görə, azarkeşlər Batrakovun aldığı sarı vərəqəni sakit qarşılayıblar.
O bildirib ki, İstanbul təmsilçisinin azarkeşləri aqressiv futbolçuları sevirlər. Həmçinin insident zamanı ilk olaraq “Aston Villa”nın futbolçusu Makginin Batrakovu itələdiyini vurğulayıb.
Çınar qeyd edib ki, rusiyalı yarımmüdafiəçi qol vura bilməsə də, oyunu ilə yenidən azarkeşlərin rəğbətini qazanıb. Batrakov meydanı tərk edərkən 50 min azarkeşin onu alqışlarla yola salması da futbolçunun komandadakı nüfuzunun göstəricisi kimi dəyərləndirilib.
“Qalatasaray”a böyük ümidlərlə gələn Batrakov qısa müddətdə komandaya uyğunlaşıb və baş məşqçi Okan Burukun əvəzolunmaz futbolçularından birinə çevrilib.
Qeyd edək ki, futbolçunun qollarından sonra stadionda “Kalinka” mahnısı səsləndirilir və minlərlə azarkeş onu birlikdə oxuyur. Klub Batrakovun adı kiril əlifbası ilə yazılmış formalarını və onun üçün xüsusi hazırlanmış papaqları da satışa çıxarıb. Həmin papaqların qısa müddətdə satıldığı bildirilir.
Namiq HUN