Rahim Sterlinqin başı dərddə: Məhkəmədən bir illik şərti həbs!
İngiltərə millisinin sabiq futbolçusu Rahim Sterlinq təhlükəli avtomobil idarəetməsi, gülüş qazının saxlanılması və istifadəsi, eləcə də tibbi müayinədən imtina etməsi ilə bağlı bir il müddətinə şərti həbs cəzasına məhkum edilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, futbolçu 100 saat ictimai işlərə cəlb olunacaq və iki il müddətinə sürücülük hüququndan məhrum ediləcək. Həmçinin onun barəsində 18 aylıq sınaq müddəti müəyyənləşdirilib.
Qeyd edək ki, Sterlinq yaz aylarında “Lamborghini” markalı avtomobili ilə qəzaya düşüb. O, magistral yolda avtomobili ilə yolun kənarındakı qoruyucu səddə çırpılıb. Polis futbolçunun avtomobilində nəfəs yolu ilə qəbul edilən gülüş qazı balonları aşkar edib. Sterlinq saxlanıldıqdan sonra tibbi müayinədən keçməkdən imtina edib.
Hazırda azad agent statusunda olan futbolçunun son klubu Niderlandın “Feyenoord” komandası olub.
Namiq HUN