Qonşu rayona keçmək üçün niyə yüzlərlə kilometr yol getməliyik? - AÇIQLAMA

Qonşu rayona keçmək üçün niyə yüzlərlə kilometr yol getməliyik? - AÇIQLAMA
25.11.2026 15:00 Sosial

Azərbaycanda elə qonşu rayonlar var ki, birindən digərinə birbaşa keçid olmadığı üçün sürücülər uzun məsafə qət edərək dolama yollarla getməli olurlar. Sual yaranır ki, ölkədə rayonlararası yol infrastrukturu nə dərəcədə yetərlidir?  Bu problemi aradan qaldırmaq üçün hansı yeni yolların çəkilməsinə ehtiyac var?

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov TodayPress TV-yə açıqlamasında bildirib ki, bəzi rayonlar arasında birbaşa yol əlaqəsinin olmaması ciddi nəqliyyat problemi yaradır:


“Bu, mənim ən ağrılı məsələmdir. Bu gün elə qonşu rayonlar var ki, birindən digərinə getmək üçün kilometrlərlə yol qət etməlisən. Məsələn, Quba ilə Şamaxı, Quba ilə İsmayıllı, yaxud Qusar ilə İsmayıllı. Bu rayonlar bir-biri ilə sərhəddir, amma aralarında birbaşa nəqliyyat əlaqəsi olmadığı üçün sürücülər yüzlərlə kilometr yol getməli olurlar".

Ekspert Kür çayı üzərində yeni körpülərin inşasına da ehtiyac olduğunu vurğulayıb:

"Eyni problem Kür çayı ilə bir-birindən ayrılan rayon və yaşayış məntəqələrində də mövcuddur. Mingəçevir, Salyan, Neftçala və digər ərazilərdə əlavə yollara, körpülərə ehtiyac var. Kür üzərində yeni körpülərin inşası bu problemin həllinə kömək edə bilər. Burada əsas məsələ yalnız infrastruktur qurmaq deyil, həm də regionların inkişafını sürətləndirməkdir. Daha rahat və sürətli nəqliyyat əlaqələrinin yaradılması iqtisadi fəallığa da müsbət təsir göstərəcək". 

Mütəxəssis dağlıq ərazilərdə tunel və alternativ yolların çəkilməsini vacib hesab edir:

"Qonşu rayonlar arasında əlaqənin təmin edilməsi üçün relyefin və iqlim şəraitinin imkan verdiyi ərazilərdə tunellər, viaduklar və alternativ yollar inşa edilməlidir. Bununla bağlı Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələri nümunə göstərmək olar. İşğaldan azad edilmiş ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Şuşa və ətraf yaşayış məntəqələrində mürəkkəb relyefə baxmayaraq, geniş yol infrastrukturu qurulur. Zəngilan və Qubadlı istiqamətlərində də yol şəbəkəsinin inkişafı davam edir. Deməli, yüksək dağlıq ərazilərdə də belə layihələri həyata keçirmək mümkündür. Bunun üçün dövlət investisiyaları ilə yanaşı, xarici kreditorların və investorların cəlb edilməsi yolu ilə müasir nəqliyyat infrastrukturu yaratmaq olar. Bu, həm rayonlararası gediş-gəlişi asanlaşdırar, həm də regionların inkişafına ciddi töhfə verər”.

Jalə Rövşən

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər