Dönərxana və restoranların reklamları Bakının tarixi simasını məhv edir? - AÇIQLAMA
"Bakıda tarixi abidələrə dövlət qayğısı mövcuddur. Çox təəssüf ki, bu binaların yaşayış binası olması səbəbindən sakinlər tərəfindən bəzən laqeyd münasibət göstərilir və müxtəlif müdaxilələrə yol verilir".
Bunu memar Cahid Həsənov TodayPress TV-yə ölkədə tarixi abidələrə münasibətlərdən danışarkən bildirib.
Onun sözlərinə görə, mərhələli şəkildə bütün layihələrin həyata keçirilməsinə, təmir və bərpa işlərinə, eləcə də tarixi abidələrin qorunmasına nəzarət olunur. Ancaq bəzi insanlar qaydalara əməl etmirlər:
"Məsələn, kondisionerlərin quraşdırılması və digər bu kimi müdaxilələr tarixi binaların görkəminə mənfi təsir göstərir. Bu məsələlərə də nəzarət var. Lakin burada ən təhlükəli məqam tarixi binaların birinci mərtəbələrində fəaliyyət göstərən iaşə obyektlərinin üzərində müasir üslubda yerləşdirilən reklam lövhələridir. Bu reklamlar tarixi binaların ümumi görünüşünə, xüsusilə də fasadların memarlıq simasına ciddi şəkildə mənfi təsir göstərir. Məhz bu halların qarşısı alınmalıdır".
Memar əlavə edib ki, bir, iki, üç, dörd və ya beşmərtəbəli tarixi binaların birinci mərtəbələrində marketlər, dönərxanalar, kababxanalar, restoranlar və kafelər fəaliyyət göstərir. O vurğulayıb ki, bu obyektlərin üzərində yerləşdirilən müasir üslublu reklam lövhələri binaların tarixi görkəmini və memarlıq-estetik dəyərini pozur, onların vizual bütövlüyünə xələl gətirir.
"Ona görə də bu sahədə tamamilə yeni yanaşma tətbiq olunmalı, tarixi binaların fasadlarında belə reklamların yerləşdirilməsinə qəti qadağa qoyulmalıdır. Reklamların yalnız müəyyən edilmiş qaydalara uyğun olaraq vitrinlərdə və şüşə səthlərdə yerləşdirilməsinə icazə verilə bilər. Əslində, bununla bağlı qaydalar mövcuddur, lakin təəssüf ki, həmin qaydalara əməl olunmur".
Cahid Həsənov qeyd edib ki, bu gün tarixi memarlıq abidələrimizin və binalarımızın qorunması baxımından ən həssas və problemli məqamlardan biri məhz budur.
Türkan İsgəndərli