Nə İran təslim olur, nə Tramp geri çəkilir - Bazar nə qədər tab gətirəcək?

Nə İran təslim olur, nə Tramp geri çəkilir - Bazar nə qədər tab gətirəcək?
25.11.2026 16:04 İqtisadiyyat

ABŞ lideri Donald Trampın İranla bağlı son bəyanatlarında iqtisadi təzyiqlərin gücləndirilməsi, ölkənin neft ixracının məhdudlaşdırılması və Hörmüz boğazı üzərində nəzarət məsələləri xüsusi yer tutur. O, Tehranla razılaşma əldə olunmayacağı təqdirdə hərbi əməliyyatların yenidən başlaya biləcəyini istisna etməyib. Bununla yanaşı, ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli maliyyə şəbəkələrinə qarşı yeni sanksiyalar tətbiq edib.

Bəs bəyanatlar dünya iqtisadiyyatına təsirsiz ötüşəcək?

Sözügedən məsələ ilə bağlı iqtisadçı Eldəniz Əmirov TodayPress TV-yə açıqlamasında bildirib ki, tərəflərdən biri geri çəkilməyənədək qarşıdurmanın uzun müddət davam etməsi gözlənilir.


“Bu münaqişədə tərəflərdən birinin tamamilə geri çəkilməsi baş verməsə, yəni ya İranın tamamilə məğlubiyyəti, ya da ABŞ-ın ümumiyyətlə strategiyasını dəyişməsi baş verməsə, proses hələ çox-çox uzun müddət uzanacaq. Buna görə də neft qiymətlərində də dalğalanmalar olacaq.

ABŞ-ın geri çəkilməsi mümkün deyil. ABŞ heç vaxt öz strategiyasını dəyişmir. Hətta mən düşünürəm ki, ABŞ Əfqanıstandan çıxanda belə İran məsələsinə fokuslandığı üçün bu addımı atmışdı. Yəqin, bir neçə il əvvəl baş verənləri siz də, oxucularınız da yaxşı xatırlayırsınız”.

İqtisadçı hesab edir ki, qarşıdurmanın davam etməsi dünya iqtisadiyyatında böyük böhrana səbəb olmayacaq, lakin bazarlarda müəyyən dalğalanmalar müşahidə ediləcək:

“Bir tərəf təslim olmaq istəmir, digər tərəf isə geri çəkilmək istəmir. Deməli, proses hələ uzun müddət davam edəcək. İqtisadiyyata təsirlərinə gəldikdə isə 2026-cı il ərzində hansı təsirləri görmüşüksə, təxminən eyni mənzərə ilə qarşılaşacağıq. Ola bilər, müəyyən fərqliliklər olsun, amma dünya iqtisadiyyatını, Körfəz regionunu və ya başqa əraziləri böyük böhranların gözlədiyini düşünmürəm.

Hər şey yaxşı olacaqmı? Xeyr, hər şey yaxşı olmayacaq. Müəyyən dövrlərdə dalğalanmalar, müəyyən dövrlərdə isə nisbətən sabitləşmə müşahidə ediləcək”.

E.Əmirovun sözlərinə görə, iqtisadi mənzərədə köklü dəyişiklik yalnız ABŞ-ın İrana qarşı görünməmiş miqyasda hərbi müdaxiləsi və bunun nəticəsində ölkədə rejim dəyişikliyinə nail olması halında baş verə bilər.

“Köklü dəyişiklik isə, düşünürəm ki, yalnız ABŞ indiyədək etmədiyi, görünməmiş miqyasda hərbi müdaxilə həyata keçirərək İranda rejimin devrilməsinə nail olarsa baş verə bilər. Amma buna qədər ciddi fərqlilik gözləmirəm. Neft qiymətləri də aşağı-yuxarı dəyişəcək.

Bəzi dövrlərdə qiymətlər kritik həddə çata bilər. Xüsusilə də kritik hadisələrdən əvvəlki mərhələdə belə hallar mümkündür. Çünki bazarlar proqnozlara daha çox reaksiya verir. Məsələn, 2020-ci ildə Çində koronavirusdan iki nəfər dünyasını dəyişəndə birjalarda fantastik enişlər baş vermişdi. Amma həmin ilin yayında artıq bir milyondan çox insan həyatını itirmişdi və birjalar sabitləşmişdi. 

Yəni bazarlar daha çox qarşıdakı dövrə reaksiya verir. Proses artıq adiləşəndən sonra bazarlar qaydasına düşür. İndi Körfəz məsələsində də bazarlar proseslərə artıq adaptasiya olunub. Ona görə də qeyri-adi bir fəlakət, yəni iqtisadi fəlakət gözləmirəm”, - iqtisadçı fikrini tamamlayıb. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər