İranda müsəlman bacı-qardaşlarımız qətlə yetiriləndə Türkiyə niyə susurdu? - Oktay Saralın menyusuna

İranda müsəlman bacı-qardaşlarımız qətlə yetiriləndə Türkiyə niyə susurdu? - Oktay Saralın menyusuna
13.10.2026 16:50 Siyasət

Türkiyə prezidentinin baş müşaviri Oktay Saral Türkiyə dövləti adından hicabla bağlı mübahisə və qarşıdurmaya münasibət bildirib.

Bu münasibət isə sual doğurur: Çində uyğur türkləri həbsxanalara salınarkən, dini inanclarından məhrum edilərkən, düşərgələrdə alçaldıcı rəftara məruz qalarkən, özünü müsəlmanların müdafiəçisi hesab edənlər niyə susurdular?

Çinə etiraz edib uyğur türklərinə dəstək verən 15 Qərb ölkəsi olduğu halda, özünü dünya müsəlmanlarının mərkəzi sayan Türkiyə niyə səssiz qalmışdı?

İranda yanvar ayında müsəlman bacı-qardaşlarımız gülləbaran edilərək qətlə yetirilərkən, küçələrdə meyitlərin çoxluğundan addım atmağa yer qalmayanda Türkiyə niyə susurdu?

Əfqanıstanda müsəlman qadınlara nökər kimi yanaşılarkən, onlara kölə rəftarı göstərilərkən, təhsil hüquqları əllərindən alınarkən və digər oxşar hadisələr yaşanarkən Türkiyə niyə səssizliyə qərq olmuşdu?

Bu suallar təsadüfi deyil. Onlar Türkiyənin regional və beynəlxalq siyasətindəki seçici yanaşmanı gündəmə gətirir. Bir tərəfdə hicab məsələsinə dair sərt mövqe, digər tərəfdə isə milyonlarla müsəlmanın hüquqlarının sistemli şəkildə pozulduğu hallarda uzunmüddətli səssizlik.

Əgər narahatlıq həqiqətən müsəlmanların hüquqlarından qaynaqlanırsa, o zaman bu narahatlıq coğrafi və siyasi sərhədlərlə məhdudlaşmamalıdır.

Qeyd edək ki, Oktay Saral Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun əngəllənməsinin qəbuledilməz olduğunu bildirib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər