Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirildi - FOTO
Ermənistanın Dilican şəhərində 26-27 noyabr 2026-cı il tarixlərində "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirak etdiyi ikitərəfli dəyirmi masa müzakirəsi baş tutub.
TodayPress TV xəbər verir ki, görüş hər iki ölkənin qeyri-hökumət təşkilatlarının, media və analitik/ekspert dairələrinin 60-a yaxın nümayəndəsini bir araya gətirib.
Bu, "Sülh körpüsü" təşəbbüsü çərçivəsində keçirilən 5-ci görüş olub.
İki gün ərzində bir sıra görüşlər və müzakirələr keçirilib. İştirakçılar 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan və Ermənistan arasında sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması imkanlarını, eləcə də iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması üzrə mümkün tədbirləri müzakirə ediblər.
İştirakçılar dayanıqlı iqtisadi əməkdaşlığın perspektivləri, Cənubi Qafqazda ticarət marşrutlarının və nəqliyyat əlaqələrinin inkişafı, eləcə də humanitar məsələlər barədə fikir mübadiləsi aparıblar. Gündəliyə gənclərlə iş, təhsil və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa uzunmüddətli əlaqələrin qurulması məsələləri də daxil edilib.