Ceyhun Bayramov Estoniya ilə ticarət rəqəmlərindən DANIŞDI: Qənaətbəxş deyil
Azərbaycan və Estoniya arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsahkna ilə birgə keçirilən mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, hazırda iki ölkə arasında 16 sənəd mövcuddur, daha 8 sənəd üzrə isə işlər davam etdirilir. O, yaxın gələcəkdə bu istiqamətdə də müsbət nəticələrin əldə olunacağına ümidvar olduğunu bildirib.
Ceyhun Bayramov iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyətinə də toxunub. Onun sözlərinə görə, hazırkı ticarət dövriyyəsi və investisiyaların həcmi qənaətbəxş hesab edilə bilməz.
Bildirilib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 32 milyon ABŞ dolları, Estoniyadan Azərbaycana yatırılan investisiyaların həcmi isə 25 milyon ABŞ dolları təşkil edib.
Nazir, həmçinin hazırda Azərbaycanda 8 Estoniya şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, son dövrlərdə iki ölkə arasında əlaqələrin intensivləşməsinin gələcək əməkdaşlıq baxımından ümidverici olduğunu vurğulayıb.
Qiymət Mahir