Amerika gəmiləri İran donanmasını batırır və Rəfsancani 38 illik sirri açır

Amerika gəmiləri İran donanmasını batırır və Rəfsancani 38 illik sirri açır
06.10.2026 12:53 Siyasət
Təqdim olunan reportaj və eksklüziv müsahibə 8 il davam etmiş İran–İraq müharibəsinin (1980–1988) sonuncu və ən gərgin mərhələsində — 1988-ci ilin aprelində Tehranda lentə alınıb. Həmin ərəfədə cəbhədə və geosiyasi müstəvidə həlledici hadisələr cərəyan edirdi: 1988-ci ilin martında İraq ordusu Hələbcədə kimyəvi silah tətbiq etmiş, aprelin 18-də ABŞ donanması Fars körfəzində İranın hərbi platformalarını vuraraq birbaşa dəniz toqquşmasına girmiş («Praying Mantis» əməliyyatı), eyni günlərdə İraq qüvvələri iki ildir İranın nəzarətində olan strateji Fao yarımadasını geri almış («Qara Həftə») və şəhərlərə «Scud» raket zərbələri intensivləşmişdi.

Türkiyənin məşhur telejurnalisti Mehmet Ali Birand raket atəşləri altındakı Tehrandan hazırladığı xüsusi reportajda İran rəhbərliyinin iki nömrəli şəxsi və müharibə strategiyasının əsas memarı Həşimi Rəfsəncani ilə cəbhədəki son durumu, atəşkəs şərtlərini, Ankara–Tehran münasibətlərini, Kərkük neft kəmərini və Türkiyənin regional neytrallıq siyasətini müzakirə edir. Müsahibənin tarixi aspektlərinin hələ də actual olduğunu nəzərə alsaq, İranı təhlil etmək, ABŞ-la münasibətlərinə  baxmaq və regional maraqları başa düşmək baxımından hələ də actual olduğu üçün Todaypress.Tv olaraq təqdim etməyə qərar verdik.

Hörmətli oxucular, aprel ayında elə bir yeddi gün yaşandı ki, iranlılar buna «Qara Həftə» deməyə başladılar. Halbuki o günə qədər müharibə İranın istədiyi şəkildə inkişaf edirdi. Hətta ötən ay İran qüvvələri bölgədəki Tələbaninin rəhbərliyindəki digər qüvvələrlə birlikdə Şimali İraqda mühüm irəliləyişlər əldə etmişdilər və İraq bu gedişatı ancaq kimyəvi silahdan, yəni qazdan istifadə edərək dayandıra bilmişdi. İndi vəziyyət bir qədər dəyişdi, muvazinət istər-istəməz sarsıldı.

Hər şey 18 aprel bazar ertəsi günü əvvəlcə dənizdə başladı. Gündə təxminən 200 milyon türk lirəsi xərc müqabilində Bəsrə körfəzini bütün gəmi hərəkətinə açıq saxlamağa çalışan nəhəng Amerika donanması İranın hərbi məqsədlərlə istifadə etdiyi üç neft platformasına birdən hücum etdi. Qısa müddətdə hər üçünü də oda qərq etdi. Səbəbi isə İranın ötən ilin noyabrından bəri ara verdiyi körfəzin keçid yollarını minalamağa yenidən başlaması və bəzi Amerika gəmilərinə zərər vurması idi.

Səhərin erkən saatlarında başlayan bu cəzalandırma günortaya doğru heç gözlənilməz bir hadisə ilə açıq şəkildə ABŞ–İran dəniz döyüşünə çevrildi. İran nəhəng Amerika donanmasına sanki intihar edirmiş kimi əlində və bölgədə nə qədər gəmisi varsa, hamısı ilə hücum etdi. Heç kim belə bir şey gözləmirdi. Bir tərəfdə üzərinə raket, hətta pulemyot quraşdırılmış sürət qayıqları, köhnə tipli freqatlar; digər tərəfdə isə ən müasir və ən böyük zərbə gücünə malik Amerikanın esminesləri, təyyarədaşıyanları... Bu döyüş düz 9 saat çəkdi. Gecəyə doğru körfəzdə atəş səngiyərkən İran donanmasının əhəmiyyətli hissəsi yanmış, iki freqatı və dörd hərbi kateri batmış, 50 ölü və yaralı vermişdi.

Lakin, hər şey bununla bitməyibmiş. Demək olar ki, eyni saatlarda bu fürsəti güdən və ya bundan istifadə edən İraq heç kimin gözləmədiyi bir şəkildə Fao yarımadasına ildırım sürətli bir əməliyyat təşkil etdi. İran Fao yarımadasının cənub hissəsini iki ildir əlində saxlayırdı. İran qüvvələri özlərinə həddindən artıq güvənməyin gətirdiyi arxayınlıq nəticəsində açıq şəkildə qəfil yaxalandılar. İraq uzun müddətdən sonra ilk dəfə quruda son dərəcə mühüm bir uğur qazandı və 500 kvadratkilometrlik işğal altındakı torpağını geri aldı. İranın ilk dəfə özünə inamı sarsıldı, təşəbbüs İraqa keçdi.

İraqın bu uğuru təkcə ordunun və ya cəmiyyətin əhval-ruhiyyəsini yüksəltmək baxımından deyil, əsasən strateji cəhətdən çox böyük əhəmiyyət daşıyır. Çünki İran bu bölgəni nəzarətdə saxladıqca həm körfəzin ən kritik nöqtəsini nəzarətə götürə bilir, həm də Bəsrəyə gedən yollara hakim ola bilirdi. İndi İraq İranın bu üstünlüklərinin mühüm bir hissəsini geri almış oldu, yəni Tehranın Bəsrəni ələ keçirməsi bir az da çətinləşdi. İraq şimaldakı irəliləyişi dayandırarkən, cənubdakı bu qəfil hücumla da onları geri oturtdu.

İndi demək olar ki, hər kəs eyni sualı verir: Dənizdə və qurudakı bu son hadisələr müharibənin gedişatına təsir etdimi? Qüvvələr nisbəti dəyişirmi? Amerikalı və avropalı hərbi strateqlərə görə: Xeyr. İran hələ də müharibədə üstündür. Ümumilikdə 3500 kvadratkilometrlik İraq ərazisini işğal altında saxlayır. İraq bəlkə bu cür hücumlarını artıraraq vəziyyəti tərsinə çevirə bilər, lakin bu mərhələdə hələ də üstünlük və müharibəyə təsir etmə gücü İranda görünür. İranın bəlkə İraq kimi təyyarə və zirehli texnika üstünlüyü yoxdur, lakin İnqilab Keşikçiləri hələ də sarsılmaz bir inamla özlərini ölümə atırlar və müharibənin gedişatına böyük ölçüdə təsir göstərə bilirlər.

Digər gözlənilməz bir hadisə isə Səudiyyə Ərəbistanının İranla rəsmi əlaqələrini tamamilə kəsməsi oldu. Səudiyyə Ərəbistanı müharibədə İraqı dəstəkləyir. İranla münasibətləri də həmişə çox pis vəziyyətdə idi. İranın İslam İnqilabını ixrac etməsindən çəkinən Səudiyyə Ərəbistanı həcc ziyarəti zamanı iranlı zəvvarlardan da ehtiyat etdiyi üçün əlaqələri kəsmək qərarı aldı. Ötən ilki o qanlı nümayişləri hamı xatırlayır. Səudiyyəlilərin bu qərarı Tehranın ərəb dünyasındakı təcridini daha da artıracaq yeni bir addım kimi qiymətləndirilir.

Bütün bu hadisələrin nəticəsində hamının nəzərləri İranın paytaxtı Tehrana yönəlir. Müharibənin açarı hazırda bu ölkənin əlində durmuş kimi görünür. Lakin müharibədən öz payını raket yağışı altında qalaraq alan Tehran xalqı da dərin təşviş içində yaşayır. Müharibənin alovlanmasının həyatlarına necə təsir edəcəyini hesablamağa çalışırlar və bizlər kimi onlar da yüzlərlə sual verirlər.


Bura Tehrandır. 8 illik İran–İraq müharibəsində yeni bir səhifə açıldı: Şəhərlərarası müharibə və ya raketlər müharibəsi. Tam iki aydır sakinlərinin qorxu və təşviş içində yaşadığı bir şəhər. İki aydır raket yağışı ilə və fasiləsiz raket zərbələri ilə sarsılan, günahsız uşaqların və insanların öldüyü bir şəhər. Günün istənilən saatında bir raket gəlir, İranın paytaxtı Tehranın bir nöqtəsinə düşür; binalar dağılır, insanlar həyatını itirir.

Baxın, cəmi bir neçə gün əvvəl burada bir İraq raketi partladı və bura əslində bir xəstəxanadır. Gördüyünüz bütün bu fəlakətli mənzərə ilə üz-üzə qalındı. Məktəblərdə dərslər dayandırılıb və xəstəxanaların da mühüm bir hissəsinin yerləri dəyişdirilir. Tehran küçələrindəki o əvvəlki dəhşətli tıxaclar artıq yoxdur. İnsanların böyük bir qismi Tehranın xaricinə çıxmağa başlayıb; ya qohumlarının yanına gedirlər, ya da evlərində qalmaq əvəzinə daha çox böyük otellərə köçürlər. Qalanlar isə ölümün nə vaxt gələcəyini, yəni növbəti raketləri gözləyirlər.

Ölənlərin rəsmi sayı dəqiq məlum deyil, amma 5 mini keçdiyi deyilir. Bu arada, başda Tehran olmaqla, son iki ayda İran şəhərlərinə atılan İraq raketlərinin sayı 250-yə yaxınlaşır, nə vaxt bitəcəyi isə bəlli deyil. Əslində İran da İraqın paytaxtı Bağdadı və digər şəhərlərini istər raketlərlə, istərsə də təyyarələrlə bombalayır, lakin say baxımından böyük fərq var.

Digər böyük narahatlıq isə budur: İraqın Tehrana qarşı zəhərli qaz və ya kimyəvi bomba istifadə edib-etməyəcəyi. Küçədə həmsöhbət olduğum hər bir iranlı mənə eyni sualı verdi: «İraq Hələbcədə olduğu kimi Tehrana qarşı da kimyəvi hücum edə bilərmi?» Əlbəttə, hər kəsin ciddi qorxusu məhz budur.

Biz də bu sualı İran rəhbərliyinin şübhəsiz ən güclü şəxslərindən sayılan və bu aykı qonağımız olan Həşimi Rəfsəncanidən soruşduq. Rəfsəncani bu gün olduğu kimi gələcəkdə də İranın ən əsas liderlərindən biri olacaq. Hazırda Məclis sədridir; dünyanın heç bir yerində bir parlament sədri bu qədər güclü deyil. Lakin onun bu gücü daha çox Ali Müdafiə Şurasında, digər adı ilə Müharibə Şurasında İmamın (Xomeyninin) nümayəndəsi olmasından irəli gəlir. Müharibə və sülh məsələlərində ən səlahiyyətli şəxsdir. Bir sözlə, İmamdan sonra bu gün İranın ən mühüm simasıdır. Budur onun cavabı:


Həşimi Rəfsəncani: «Belə bir addımı xüsusilə böyük şəhərlərimizə qarşı ata bilməzlər, imkanları məhduddur. Xalqımızı da müdafiə etməyə hazırıq. Yenə də hər şey gözləniləndir, buna görə də İraqın hər cür cinayətə əl ata biləcəyini nəzərə almalıyıq. Əgər belə bir işə cəhd etsələr, onları etdiklərinə peşman edərik.»

Mehmet Ali Birand: «Bu şəhərlər müharibəsində İraqın daha çox imkana sahib olduğu görünür. Bu müharibəni qazana biləcəyinizi düşünürsünüzmü?»

Həşimi Rəfsəncani: «İraqın bizdən daha çox imkana sahib olduğu fikri doğru deyil. Əslində biz müharibəni şiddətləndirmək istəmirik. Çox yaxşı bilirsiniz ki, İraqın 20 şəhəri bizim artilleriyamızın hədəfindədir. Hər gün 1000–2000 mərmi ata bilərik. Biz mülki əhalinin müharibədən zərər görməsini istəmirik, yalnız qarşılıq verməklə kifayətlənirik. Onlar dinc sakinlərin yaşayış yerlərinə zərbə endirdikləri günün ertəsi biz də zərbə endiririk, amma cavab tədbiri görməyə də məcburuq. Əgər Səddam kimi şəhərləri dağıtmaq istəsəydik, bizim buna gücümüz daha çoxdur.»

Bütün bunlar yaxşı, amma məsələnin bir də digər tərəfi, medalın o biri üzü var: İraq və Səddam Hüseyn. İranlılar artıq bir şeyi çox yaxşı anlamağa başlayıblar: Bir tərəfdən Amerika, yəni Qərb; digər tərəfdən Sovet İttifaqı, yəni Şərq... Heç bir şəkildə İraq rəhbərliyinin, Səddam Hüseynin devrilməsini, İran tərəfindən məhv edilməsini və İranın İraqı nəzarətə götürməsini istəmirlər. Bunun baş tutmaması üçün də bütün gücləri ilə İraqa dəstək verirlər. Artıq İran bunu dərk etməyə başlayıb.

Lakin digər tərəfdən Tehranın bildiyi başqa bir reallıq da var: Xəritəyə baxdıqda İran sanki müharibəni qazanmış kimi görünür. İraqa məxsus 4000 kvadratkilometrə yaxın ərazini əlində saxlayır. Bəs onda İran nə üçün bu şərtlər daxilində atəşkəsi, yəni sülhü qəbul etmir? İnsanın ağlına belə bir sual gəlir: Yoxsa İran sülh bağlamaq istəmir? Bəlkə bəzi daxili problemlərə görə müharibəni uzatmaq niyyətindədir?

Həşimi Rəfsəncani: «Bu müharibədə uğurlar qazandığımızı qəbul edirik, lakin müharibəni hələ tam mənada udmuş deyilik. Bizim üçün qələbə İraqdan torpaq qoparmaq deyil, ədalətin bərqərar olması ilə hasil olacaq. Digər tərəfdən, qeyd etdiyiniz kimi, Amerika və Sovetlərin qarşı tərəfin məğlub olmasını istəmədikləri doğrudur. Lakin biz bunun əksini, yəni onların istəmədikləri bir nəticənin hasil olacağını sübut etmək niyyətindəyik. Onlar şahın getməsini və xalqın qələbə çalmasını da istəmirdilər, amma inqilab onlara rəğmən baş tutdu. Müharibənin davam etməsinin daxili problemlərimizlə heç bir əlaqəsi yoxdur. Əgər İmam və ali rəhbərlik müharibənin başa çatmasını məqsədəuyğun bilsələr, müharibə bitər. Millətin İmama inamı tamdır və əksəriyyət mübarizənin qələbəyə qədər davam etməsinin tərəfdarıdır.»

Mehmet Ali Birand: «...Sülh üçün bir mexanizm qurulmasını istəyirsiniz, halbuki dünyada belə bir mexanizm yoxdur.»

Həşimi Rəfsəncani: «Dünyada belə bir mexanizm yaradıla bilər. Biz açıq şəkildə bildirdik: məsələn, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Səddamı təcavüzkar elan etsin, ardınca bir məhkəmə heyəti və ya komissiya formalaşdırılsın və bu komissiya yaxud məhkəmə belə bir təcavüzkara qarşı nə edilməli olduğunu, bizim hansı hüquqlarımızın tapdalandığını müəyyənləşdirib rəy bildirsin, vəssalam. Artıq bir şey istəmirik. Təcavüzkarın adının çəkilməsi və komissiyanın nə vaxt fəaliyyətə başlayacağının elan edilməsi atəşkəs üçün yetərlidir.»

Mən bu raket müharibəsini «rus ruletinə» bənzədirəm. Çünki kimi və haranı vuracağı qətiyyən məlum deyil. Bunlar Sovet istehsalı olan «Scud-B» tipli raketlərdir. Əslində uçuş məsafələri olduqca məhduddur. Bu məsafəni artırmaq üçün iraqlılar onlara əlavə gücləndiricilər qoşublar. Əlavə güc artırıldıqda isə hədəfi dəqiq tapmaq çətinləşir və ya başqa sözlə, raket hədəfdən bir neçə kilometr yayına bilir. Artıq bəxtə-bəxt haranı vuracaqsa, ora düşür və partlayır.

Bunun ən maraqlı nümunələrindən biri də Türkiyə səfirliyinin həyətindəki sanki bu kiçik muzeydir: Ətrafa və səfirliyin içərisinə düşmüş raket qırıntıları. Bunları, əlbəttə ki, iraqlıların birbaşa Türkiyəyə qarşı atdığı raket kimi qiymətləndirmək olmaz. Necə ki onların xəstəxanalara və məktəblərə atdıqları raketlərin də mütləq oraya dəysin deyə atılmadığı buradan aydın olur.

Bu arada ən maraqlısı odur ki, bu raket zərbələri məhz 29 fevral tarixində — Baş nazir Turqut Özal burada olarkən başladı. Özalın o günə qədər bunu dayandırmaq üçün göstərdiyi bütün təşəbbüslər nəticəsiz qaldı. Hətta mərmilər türk nümayəndə heyətinin yaxınlığına düşdü, həyəcanlı anlar yaşandı.

Biz daha bir sualı Həşimi Rəfsəncaniyə də ünvanladıq: Türkiyənin bu bitərəflik siyasəti İranı narahat edirmi? Çünki İran mətbuatında zaman-zaman Türkiyənin bu siyasətinin əleyhinə yazılar dərc olunur.


Həşimi Rəfsəncani: «Təbii ki, digər ölkələr kimi Türkiyənin də ədalətin yanında olmasını istəyirik. Biz bu müharibədə özümüzü məzlum tərəf hesab edirik. Hücumu İraq başlatdı, şəhərlərə, ticarət gəmilərinə zərbələri İraq vurdu, kimyəvi bombanı İraq tətbiq etdi. Hər bir dövlət rəhbərliyinin və hər kəsin buna qarşı çıxmasını tələb etməkdə özümüzü haqlı sayırıq. Buna baxmayaraq, sizin problemlərinizi də bilirik; iqtisadi sıxıntılarınız var, NATO üzvüsünüz. Narahat olmağımıza rəğmən, bu problemlərinizi anlayışla qarşılamaq üçün dözüm nümayiş etdiririk. Bu arada mətbuatımızın kəskin reaksiya verməsi səfərin vaxtı ilə əlaqədar idi. Minlərlə insanın Səddamın kimyəvi bombaları ilə öldüyü və ya yaralandığı bir vaxtda heç kim isti əl sıxışmaları görmək istəməz.»

Mehmet Ali Birand: «Türkiyənin, daha doğrusu türk xalqının həssas olduğu məsələlərə nə dərəcədə diqqət yetirirsiniz? Məsələn, 1983-cü ildə siz demişdiniz ki: "Müharibədir, Kərkükdən keçən boru kəmərini bombalayarıq". İndi müharibə şəraitində hələ də bu neft kəmərini bombalamaq məcburiyyətindəsiniz, yoxsa Türkiyənin maraqlarını nəzərə alıb "Xeyr, vurmayacağıq" deyirsiniz?»

Həşimi Rəfsəncani: «Əlbəttə, sizin həssas olduğunuz məqamları nəzərə alırıq. Lakin bu o demək deyil ki, bu yanaşmamız daimi olacaq. İndiyə qədər səbir etdik, bir gün bu addımı atmağa məcbur qala bilərik. Hər şeyə rəğmən, sizin problemlərinizdən xəbərdarıq. Sizin də bizim kimi zalım və ekspansionist bir qonşunuz var. Adətən supergüc olan Amerika və Sovetlər qonşularına qarşı ədalətə söykənən siyasət yürütmürlər. Biz bunların fərqindəyik. Bu səbəbdən sizinlə ümumi regional məsələlərdə əməkdaşlıq etmək istəyirik. Çünki problemlərimiz və maraqlarımız müştərəkdir. Müharibə zamanı bəzi məqamları nəzərə almaq, ikitərəfli əlaqələrə kölgə salacaq hərəkətlərdən çəkinmək lazımdır ki, əməkdaşlığımızı davam etdirə bilək.»

Mehmet Ali Birand: «Bunun bir sərhədi var, cənab Sədr. İraq rəhbərliyinə qarşı bəzi qruplarla, peşmərgələrlə əməkdaşlıq edib Şimali İraqda Kərkükə doğru irəliləyirsiniz. Kərkükü ələ keçirəcəksinizmi? Hədəfiniz Kərkükü almaqdırmı?»

Həşimi Rəfsəncani: «Səddamın devrilməsi üçün hara qədər irəliləmək lazımdırsa, ora qədər gedəcəyik. Bizim məqsədimiz İraq torpağını zəbt etmək deyil, İraq BƏƏS rejiminə təzyiq göstərməkdir. Bunun üçün də hansı nöqtəyə qədər zəruridirsə, irəliləyə bilərik.»

Mehmet Ali Birand: «Yaxşı, Şimali İraqda məqsədinizə çatdıqda, birlikdə vuruşduğunuz həmin bu qruplara indiki statuslarından artıq nə isə verəcəksinizmi? Yəni bugünkü müttəfiqlərinizi necə razı salacaqsınız?»

Həşimi Rəfsəncani: «Bizim fikrimizcə, Səddam Hüseyn İraq kürdlərinə zülm edir, onların hüquqlarını tapdalayır, onları əzir. Hələbcədəki vəziyyəti gördünüz; Şimali İraqdakı bir neçə şəhərdən başqa... Əgər İraq bu bölgədə yaşayanlara digərləri ilə bərabərhüquqlu vətəndaş kimi yanaşsa, onların üsyan etməsinə ehtiyac qalmaz. Biz İrandakı mövcud kürd xalqını farsla, ərəblə bərabər tuturuqsa, İraq da eyni cür davranmalıdır. Əgər belə olsa, bölgədə bu problem aradan qalxar və insanlar da özlərini məzlum hiss etməzlər.»

Mehmet Ali Birand: «Bu dediklərinizlə bir növ muxtariyyəti nəzərdə tutursunuz?»

Həşimi Rəfsəncani: «Bu, İraq xalqının daxili işidir. Biz xalqın iradəsinə qarışmırıq. İstəsələr muxtariyyət verərlər, yaxud başqa şəkildə qərar verərlər. Lakin biz İranda heç bir kəsimə muxtariyyət vermək fikrində deyilik. İranda hamı bərabər hüquqlara və idarəetmədə təmsil olunmaq haqqına malikdir.»

Mehmet Ali Birand: «Cənab Sədr, Türkiyədə bu mövzuda olduqca böyük həssaslığın olduğunu bilirsiniz: Oradakı boru kəməri — Şimali İraqı nəzərdə tuturam — boru xətti, türk varlığının mövcudluğu, böyük bir türk kütləsinin olması və digər məlum səbəblər... İndi siz orada, Şimali İraqda irəliləyərkən Türkiyənin bir reaksiya verə biləcəyini hesaba qatırsınızmı?»

Həşimi Rəfsəncani: «Biz türk dövlətinin indiyə qədərki mövqeyini gördük; yetkin və şüurlu davrandığının şahidi olduq. Bundan sonra da Şimali İraq məsələlərinə müdaxilə etməyəcəyini ümid edirik. Çünki belə bir vəziyyətdə yaranacaq xaos nəticəsində Kərkük nefti istismar olunmaz hala düşər. Biz, sizlər və İraq xalqı birgə əməkdaşlıq edərək İraqın bir millət, vahid dövlət kimi və ərazi bütövlüyü çərçivəsində qalmasını təmin etməliyik. Oradakı türklər də digər xalqlar kimi bərabər hüquqlardan faydalanmalıdırlar. Oradakı türk varlığını qorumaq bəhanəsi ilə hər hansı bir hərbi müdaxilə edərək İraqın bütövlüyünə xələl gətirilməməsinə inanırıq. Sizinlə bu məsələdə ortaq məxrəcə gələ bilərik. Belə olan halda sizin də bizimlə əməkdaşlıq etməyiniz tamamilə təbiidir.»

Mehmet Ali Birand: «Cənab Sədr, İslam İnqilabını Türkiyə kimi digər müsəlman ölkələrinə ixrac etməyi hədəflədiyinizi bəyan etmişdiniz. Sizcə, bu real bir hədəfdirmi? Digər tərəfdən, bu siyasət İranın təcrid olunmasına yol açmırmı? Yəni digər İslam ölkələri ilə münasibətləriniz də çətinləşir.»

Həşimi Rəfsəncani: «İslam İnqilabının ixracı barədə indiyə qədər çoxlu sayda çaşdırıcı təbliğat aparılıb. Biz müsəlman olaraq İslam qaydalarının hakim olmasını arzulasaq da, güc tətbiq etməyi və başqalarının daxili işlərinə qarışmağı qətiyyən düşünmürük. Yalnız baxışlarımızı ifadə etməklə kifayətlənirik. İndiyə qədər də heç bir dövlətə qarşı gücə söykənən bir fəaliyyətimiz olmayıb.»


Mehmet Ali Birand: «Cənab Sədr, siz Türkiyəni olduğu kimi qəbul edirsinizmi? Dünyəvi bir Türkiyə sizi narahat edirmi? Bunu ona görə soruşuram ki, bu dünyəvi Türkiyə Cümhuriyyətinin banisi Atatürkə İranda mətbuatda, mediada elə kəskin hücumlar oldu ki, insan istər-istəməz bu sualı vermək məcburiyyətində qalır. İranı Türkiyənin dünyəviliyi narahat edirmi?»

Həşimi Rəfsəncani: «Türk xalqı öz mövcud dövlət quruluşu çərçivəsində nəyi istəyir və ya seçirsə, biz də onu qəbul edirik. Türk cəmiyyətinin arzuladığı sistemə indi necə müdaxilə etmiriksə, gələcəkdə də qarışmaq bizim vəzifəmiz deyil. Bugünkü idarəetmə forması ilə dostluq münasibətlərimiz olan Türkiyə ilə bundan sonra da — digər ölkələrlə olduğu kimi — yaxşı əlaqələri davam etdirəcəyik. Biz dövlətlərin öz xalqlarının iradəsinə hörmətlə yanaşmalı olduğuna inanırıq.»

Mehmet Ali Birand: «Heç Türkiyəyə getmisinizmi? Yəni Türkiyə sizin üçün nə deməkdir? Türkiyəyə səfər etməyi düşünürsünüzmü?»

Həşimi Rəfsəncani: «İnqilabdan əvvəl bir neçə dəfə Türkiyəyə getmişəm. Qatarla, avtomobillə keçmişəm. Ankarada olmuşam. İstanbulda məni ən çox sahil zolağı heyran etmişdi. Cənub bölgələrindən keçərkən isə xalqın həyat tərzi və səmimiyyəti diqqətimi çəkmişdi. O dövrlərdə Ankara istisna olmaqla, yollar yaxşı vəziyyətdə deyildi. Türkiyənin o vaxtkı mənzərəsi bizim keçmişdəki vəziyyətimizə oxşayırdı. Lakin eşitdiyimə görə, son 7–8 ildə Türkiyə müsbət istiqamətdə xeyli inkişaf edib. Mən də Türkiyəyə rəsmi səfər etmək istərdim. Lakin belə bir səfərlə yanaşı, münasibətlər daha da irəli getməlidir. Biz qonşu və müsəlman, müştərək maraqlara və ortaq düşmənlərə malik ölkələr kimi bu qonşuluq sayəsində dünyaya və regiona faydalı ola bilərik.»

Siyasi şərhçi Əziz Əlibəyli

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər