Başgicəllənmə hansı xəstəliklərin ilk siqnalı ola bilər?

Başgicəllənmə hansı xəstəliklərin ilk siqnalı ola bilər?
18.11.2026 04:31 Sağlamlıq

Qəfil başgicəllənmə insanın gündəlik həyatına təsir edən və bəzən ciddi narahatlıq yaradan hallardan biridir. Bu zaman insan ətrafındakı əşyaların fırlandığını, yerin ayağının altından çəkildiyini və ya tarazlığını itirdiyini hiss edə bilər. Tibbdə bu vəziyyətin fırlanma hissi ilə müşayiət olunan forması vertiqo adlanır.

Baş gicəllənməsinin ən çox rast gəlinən səbəblərindən biri daxili qulaqda tarazlığa cavabdeh olan sistemin pozulmasıdır. Xüsusilə xoşxassəli paroksizmal pozisional vertiqo zamanı başın müəyyən istiqamətdə hərəkəti qəfil və qısa müddətli fırlanma hissinə səbəb olur.

Digər geniş yayılmış səbəblərdən biri daxili qulaqın iltihabı və vestibulyar sinirin zədələnməsidir. Bu hallar başgicəllənmə ilə yanaşı ürəkbulanma, qusma və tarazlıq pozuntusu ilə də müşayiət oluna bilər.

Bundan başqa, qan təzyiqinin qəfil aşağı düşməsi, susuzlaşma, qan şəkərinin azalması, qanazlığı və bəzi dərmanların yan təsirləri də başgicəllənməyə səbəb ola bilər. Miqren, stress və yuxusuzluq da bəzi insanlarda bu şikayəti yaradır.

Vertiqo zamanı ürəkbulanma, qulaqlarda küy, eşitmənin zəifləməsi və yeriməkdə çətinlik kimi əlamətlər də müşahidə edilə bilər. Lakin başgicəllənmənin səbəbini yalnız simptomlara əsasən müəyyənləşdirmək mümkün deyil.

Mütəxəssislər qəfil başlayan, təkrarlanan və ya uzun müddət davam edən başgicəllənmə zamanı həkimə müraciət etməyi tövsiyə edirlər. Xüsusilə başgicəllənmə qəfil nitq pozuntusu, üzün və ya ətrafların bir tərəfində keyimə və zəiflik, ikigörmə, güclü baş ağrısı və yeriyə bilməmə ilə müşayiət olunarsa, dərhal təcili tibbi yardım çağırılmalıdır.

Baş gicəllənməsinin müalicəsi onun səbəbindən asılıdır. Buna görə də özbaşına dərman qəbul etmək əvəzinə, müayinədən keçmək və müvafiq müalicə almaq vacibdir.

Kübra Musayeva

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər