Həm quruda gəzir, həm də ilan yeyir - Qorxunc balıq

Həm quruda gəzir, həm də ilan yeyir - Qorxunc balıq
28.10.2026 03:43 Maraqlı

İlana bənzəyən, sudan kənarda müəyyən müddət yaşaya bilən və hətta quruda hərəkət edən qeyri-adi balıq növü alimlərin diqqətini çəkir. İlanbaş balıq kimi tanınan bu yırtıcı canlı bəzi ölkələrdə yerli ekosistemlər üçün ciddi təhlükəyə çevrilib.

TodayPress TV xəbər verir ki, bu barədə Polşanın “Interia Zielona” nəşri məlumat yayıb.

İlanbaş balıqlar uzunsov bədən quruluşuna və iti dişlərlə təchiz olunmuş iri başa malikdir. Xarici görünüşünə görə ilanı xatırladan bu canlılar şirin sularda yaşayan yırtıcılardır.

Onlar kiçik balıqlar, xərçəngkimilər və digər su canlıları ilə qidalanırlar. İri fərdlər isə qurbağaları, tritonları, su gəmiricilərini və hətta suya girən ilanları da ovlaya bilirlər.

Bu balıqları digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri onların atmosfer havası ilə nəfəs ala bilməsidir.

İlanbaş balıqların xüsusi tənəffüs orqanları var. Bu orqanlar sayəsində onlar suyun qurumasına müəyyən müddət dözə və oksigeni birbaşa havadan qəbul edə bilirlər.

Güclü əzələləri və üzgəclərinin köməyi ilə qısa məsafələri quruda qət edərək başqa su hövzələrinə keçmələri də mümkündür.

Bu balıqlar əsasən Cənubi Asiya, Yeni Qvineya və Afrikanın, o cümlədən Madaqaskarın şirin su hövzələrində yayılıblar.

Lakin insanların onları akvariumlarda saxladıqdan sonra təbiətə buraxması bəzi ölkələrdə ciddi ekoloji problemlərə səbəb olub.

İlanbaş balıqlar ABŞ, Yaponiya, Çin, Tayvan, Özbəkistan və Türkmənistan da daxil olmaqla müxtəlif ərazilərdə yayılıblar.

ABŞ-də bu balıqlar ilk dəfə 2002-ci ildə Merilend ştatının Krofton şəhərində aşkar edilib. Sonradan Nyu-York, Pensilvaniya, Nyu-Cersi, Arkanzas və digər ştatlarda da qeydə alınıblar.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, ilanbaş balıqlar yerli su canlılarını ovlayaraq təbii tarazlığı poza bilirlər.

Onların sürətlə çoxalması da narahatlıq doğurur. Məlumata görə, bəzi növlərin dişiləri bir dəfəyə 50 minədək kürü qoya bilir.

Maraqlıdır ki, bu balıqlar balalarını da fəal şəkildə qoruyurlar. Hər iki valideyn körpə balıqların yaxınlığına gələn canlılara hücum edə bilir.

ABŞ-nin bəzi ştatlarında ilanbaş balıqların yayılmasının qarşısını almaq üçün xüsusi tədbirlər görülür. Balıqçılara tutduqları invaziv ilanbaş balıqları yenidən suya buraxmamaq barədə göstərişlər verilir.

Alimlərin fikrincə, bu canlıların təbii yayılma arealından kənarda çoxalması yerli balıq populyasiyalarına, su ekosistemlərinə və balıqçılıq təsərrüfatlarına mənfi təsir göstərə bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər