Şotland kişilərin ətək geyinməsinin əsl səbəbi ortaya çıxdı

Şotland kişilərin ətək geyinməsinin əsl səbəbi ortaya çıxdı
09.10.2026 02:57 Maraqlı

Şotlandların milli geyimlərindən biri olan kilt bu gün ölkənin əsas simvollarından hesab olunur. Bəs kişilərin geyindiyi bu damalı geyim nə üçün yaradılıb və adi ətəkdən nə ilə fərqlənir?

TodayPress TV xəbər verir ki, kiltdən ilk dövrlərdə əsasən Şotlandiyanın dağlıq ərazilərində yaşayan insanlar istifadə ediblər. Geyim soyuq və yağışlı havadan qoruyur, hərəkətə mane olmur, lazım gəldikdə isə plaş və hətta yorğan kimi istifadə edilirdi.

Müasir kiltin sələfi “Feileadh Mòr” adlanan böyük kilt olub. XVI əsrin sonlarına aid yazılı mənbələrdə onun haqqında məlumatlara rast gəlinir. Təxminən 4-8 metr uzunluğunda yun parçadan hazırlanan geyim bədənə dolanır və kəmərlə bərkidilirdi. Parçanın yuxarı hissəsi çiyinlərə atılır və ya plaş kimi istifadə olunurdu.

Qısa kiltin yaranması isə XVIII əsrə təsadüf edir. Onun meydana gəlməsi tez-tez ingilis sənayeçisi Tomas Roulins ilə əlaqələndirilir. İddialara görə, o, 1720-ci illərdə işçilərin hərəkətini asanlaşdırmaq üçün böyük kiltin üst hissəsinin çıxarılmasını təklif edib. Lakin tarixçilər müasir kiltin konkret bir şəxs tərəfindən deyil, zamanla formalaşdığını da qeyd edirlər.

Kilt adi ətəkdən quruluşuna görə də fərqlənir. Ənənəvi kilt qalın yun parçadan tikilir, arxa hissəsində xüsusi büzmələr olur. Ön hissədəki parçalar isə bir-birinin üzərinə keçirilərək xüsusi bağlayıcılarla bərkidilir.

Kiltdə istifadə olunan məşhur damalı naxış – tartan da zamanla simvolik məna qazanıb. Onun müxtəlif növləri ayrı-ayrı klanlar və ərazilərlə əlaqələndirilib.

XVIII əsrdə kiltə münasibət də dəyişib. 1746-cı ildə yakobitlərin məğlubiyyətindən sonra Britaniya hakimiyyəti Şotlandiyanın dağlıq ərazilərində yaşayanlara ənənəvi dağ geyimlərini geyinməyi qadağan edib. Bu məhdudiyyət 1782-ci ilə qədər qüvvədə qalıb. Qadağanın aradan qaldırılmasından sonra kilt tədricən sadəcə praktik geyim olmaqdan çıxaraq Şotlandiyanın milli kimliyinin simvollarından birinə çevrilib.

Kiltlə bağlı ən çox maraq doğuran məsələlərdən biri isə onun altından nə geyinilməsidir. Tarixən şotland dağlıları və hərbçilər kiltin altında alt paltarı geyinməyə bilərdilər. Bu ənənə sonradan Britaniya ordusunun dağlıq ərazilərdən formalaşan hərbi hissələrində də davam edib.

Lakin bu qayda bu gün məcburi deyil. Müasir şotlandlar vəziyyətə və şəxsi seçimlərinə uyğun olaraq alt paltarı geyinə və ya geyinməyə bilərlər. Rəqs edənlərə və Dağlıq Oyunlarının iştirakçılarına isə adətən tünd rəngli alt paltarı geyinmək tövsiyə olunur.

Hazırda kilt əsasən toy və ailə mərasimlərində, milli bayram və rəsmi tədbirlərdə, bəzi hərbi hissələrdə, Dağlıq Oyunlarında və festivallarda istifadə olunur. Eyni zamanda kilt müasir şəhər dəbinin bir hissəsi kimi də qarşımıza çıxır.

Beləliklə, vaxtilə Şotlandiya dağlılarını sərt hava şəraitindən qoruyan kilt əsrlər ərzində öz funksiyasını dəyişərək ölkənin ən tanınmış milli simvollarından birinə çevrilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər