Qədim dünyanın ən böyük sirlərindən biri açıldı

Qədim dünyanın ən böyük sirlərindən biri açıldı
20.11.2026 03:41 Maraqlı

Qədim Babil şəhərinin süqutunun dəqiq tarixi ilə bağlı uzun illər davam edən mübahisələrə yeni elmi araşdırma aydınlıq gətirib. Beynəlxalq tədqiqatçılar ağac halqalarının analizi, arxeoloji tapıntılar və vulkan püskürməsinə dair məlumatları birləşdirərək tarixi hadisənin vaxtını müəyyənləşdiriblər.

TodayPress TV “Archaeology Magazine”ə istinanla yazır ki, Arizona Universitetindən Şarlotta Pirsonun rəhbərlik etdiyi tədqiqat qrupu müasir Türkiyə ərazisindəki arxeoloji abidələrdən tapılan ağac nümunələrini araşdırıb.

Alimlər ağacların illik halqalarında radiokarbonun miqdarını ölçərək eramızdan əvvəl 2072–744-cü illəri əhatə edən xronoloji ardıcıllıq yaradıblar. Digər arxeoloji və yazılı mənbələrdən əldə edilən məlumatlar da araşdırmaya daxil edilib.

Tədqiqat zamanı Babil qeydlərində Venera planetinin müşahidələri ilə vulkanik aktivlik arasında mümkün əlaqə də araşdırılıb. Alimlər planetin müşahidəsinin çətinləşdiyi dövrləri atmosferdəki toz və vulkan külü ilə əlaqələndiriblər. Ən uyğun nəticələr Alyaskadakı Aniakçak vulkanının eramızdan əvvəl 1628–1627-ci illərdə baş vermiş güclü püskürməsi ilə üst-üstə düşüb.

Bütün məlumatları birləşdirən tədqiqatçılar Babilin süqutunun ən uyğun tarixinin eramızdan əvvəl 1587-ci il olduğu qənaətinə gəliblər. Bu nəticə orta-aşağı xronologiya nəzəriyyəsini dəstəkləyir.

Araşdırmada daha bir maraqlı məqam üzə çıxıb. Ağac halqalarının təhlili eramızdan əvvəl 1228–1188-ci illərdə bölgədə uzunmüddətli quraqlıq yaşandığını göstərib. Xüsusilə eramızdan əvvəl 1194–1192-ci illərdə quraqlığın daha şiddətli olduğu müəyyən edilib. Tədqiqatçılar bu iqlim dəyişikliklərinin Het dövlətinin zəifləməsinə təsir göstərmiş ola biləcəyini düşünürlər.

Alimlərin fikrincə, ağac halqalarının radiokarbon analizi ilə arxeoloji və tarixi məlumatların birgə araşdırılması qədim dünyanın digər mühüm hadisələrinin tarixini dəqiqləşdirməyə imkan verə bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər