Oktaqondan kənar döyüşün bədəli ağır oldu: Kim həbs edildi, kim cərimələndi?

Oktaqondan kənar döyüşün bədəli ağır oldu: Kim həbs edildi, kim cərimələndi?
13.11.2026 22:27 İdman

Əbu-Dabidə rusiyalı MMA döyüşçüsü Usman Nurməhəmmədov və gürcüstanlı Merab Dvalişvilinin iştirakı ilə baş verən kütləvi davaya görə səkkiz nəfər həbs cəzasına məhkum edilib.

TodayPress TV BBC Sport-a istinadən xəbər verir ki, Əbu-Dabi məhkəməsi hadisə ilə bağlı saxlanılan 10 nəfərin hamısını təqsirli bilib.

Onlardan altısı ictimai təhlükəsizliyi pozmaq, insanlar arasında təşviş yaratmaq və həyatlarını təhlükəyə atmaq ittihamları ilə altı ay müddətinə azadlıqdan məhrum edilib. Hər biri təxminən 62 min funt sterlinq məbləğində cərimələnib. Həbs müddəti başa çatdıqdan sonra onların BƏƏ-dən deportasiya olunması qərara alınıb.

Davaya dair görüntüləri çəkərək internetdə yayan daha iki nəfər də eyni müddətə həbs və analoji məbləğdə cərimə cəzası alıb. Digər iki şəxs isə ictimai asayişi pozmaq və zorakılıqda iştirak etmək ittihamları ilə hər biri 10 min 200 funt sterlinq məbləğində cərimələnib.

Məhkum edilən şəxslərin adları məhkəmə məlumatında açıqlanmayıb. Bununla belə, digər media məlumatlarında Usman Nurməhəmmədovun həbs cəzası alanlar, Merab Dvalişvilinin isə cərimələnənlər arasında olduğu bildirilir.

Real American Freestyle (RAF) təşkilatının həmtəsisçisi Çad Bronşteyn Dvalişvilinin sərbəst buraxıldığını təsdiqləyib:

“Merab Dvalişvilinin Əbu-Dabidə yenidən bizimlə olduğunu bildirməkdən məmnunam. Əlaqədar qurumlara peşəkarlıqlarına və dəstəklərinə görə səmimi təşəkkürümüzü bildiririk”.

35 yaşlı gürcüstanlı idmançının noyabrın 14-də RAF turnirində braziliyalı Marlon Moraeslə qarşılaşması planlaşdırılır.

Xatırladaq ki, noyabrın 11-də Əbu-Dabidəki hotellərdən birində Usman Nurməhəmmədovun Dvalişviliyə şillə vurmasından sonra tərəflər arasında kütləvi dava başlayıb. Rusiyalı MMA döyüşçüsü Usman Nurməhəmmədovun altı ay müddətinə azadlıqdan məhrum edildiyi bildirilib.

Nurməhəmmədovu müşayiət edən şəxslərdən ən azı biri də eyni cəzaya məhkum edilib. Bundan başqa, 300 min dirhəm (təxminən 138 890 AZN) məbləğində cərimə tətbiq olunduğu barədə məlumat yayılıb.

Gürcüstan KİV-in məlumatına görə, Merab Dvalişvili və onun həmyerlisi, güləşçi Saba Lazışvili də hadisənin videogörüntülərini yaydıqlarına görə hər biri 50 min dirhəm (təxminən 23,1 min manat) cərimələnib. Bildirilir ki, bu cərimələri “Real American Freestyle” (RAF) təşkilatı ödəyəcək.

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər