Gültac Məmmədəliyeva tatamidən medalla ayrıldı

Gültac Məmmədəliyeva tatamidən medalla ayrıldı
13.11.2026 21:30 İdman
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Xorvatiyanın Zaqreb şəhərində keçirilən Qran-pri turnirində fəxri kürsüyə yüksəlib. İdmançı yarışı bürünc medalla başa vurub.

TodayPress TV xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva turnirə xorvatiyalı Tixeya Topolovets və Çin Taypeyi təmsilçisi Pin-Syun Tsenq üzərində qələbələrlə başlayıb. Bununla da o, 1/4 finala vəsiqə qazanıb.

Daha sonra macarıstanlı Roza Dyertyaşa ilə qarşılaşan cüdoçumuz məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. Bu mərhələdə kosovolu Fatjona Kasapini üstələyən Məmmədəliyeva bürünc medal uğrunda görüşdə italiyalı İlaria Finestroneyə qalib gəlib.

Digər təmsilçimiz Nizami İmranovun (66 kq) çıxışı da diqqət çəkib. O, fransalı Daki Bubu, italiyalı Matteo Piras və mərakeşli Abderrahman Buşitanı məğlub edərək yarımfinala adlayıb. Lakin bu mərhələdə braziliyalı Ronaldo Limaya uduzub. İmranovun bürünc medal uğrunda görüşə çıxmamasının səbəbi barədə isə hələlik məlumat verilməyib.

Azərbaycan millisinin digər üzvləri Turan Bayramov (66 kq) və Murad Muradlı (60 kq) isə turnirdə erkən mübarizəni dayandırıblar. Bayramov almaniyalı Florian Bekere, Muradlı isə fransalı Luka Mxeidzeyə məğlub olub.

Qeyd edək ki, Zaqreb Qran-prisi noyabrın 15-dək davam edəcək.
XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər