İlk dəfə! Azərbaycan tankeri Avstraliya sularına daxil oldu
Azərbaycan tarixində ilk dəfə ölkəmizin bayrağı altında üzən tanker Avstraliya sularına daxil olub. Bu tarixi səfəri “Aframax” tipli “Xankəndi” tankeri həyata keçirib.
TodayPress TV xəbər verir ki, tanker oktyabrın 19-da Bruneyin Seria limanından yola düşərək 18 günlük fasiləsiz səfərdən sonra Avstraliyanın Cilonq limanına çatıb. Gəmidəki yük limanda təhlükəsiz şəkildə boşaldılıb.
Dəniz təhlükəsizliyi və ekoloji tələblərə ciddi nəzarət edilən Avstraliya limanında tanker bütün zəruri yoxlamalardan uğurla keçib. Belə ki, gəmidə ekoloji inspeksiya və ABS təsnifat cəmiyyəti tərəfindən illik texniki baxış keçirilib.
Bundan əlavə, tankerdə heyət dəyişdirilib, yanacaq ehtiyatı tamamlanıb, təhlükəsizlik və radi rabitə sistemlərinə, eləcə də Qlobal Dəniz Fəlakət və Təhlükəsizlik Rabitə Sisteminə (GMDSS) illik texniki xidmət göstərilib.
Qeyd edək ki, “Xankəndi” tankeri 2024-cü ildə AZCON Holding-in tərkibində fəaliyyət göstərən ASCO ilə SOCAR-ın bərabərhüquqlu tərəfdaşlığı əsasında yaradılmış SA Maritime AFEZCO birgə müəssisəsi tərəfindən alınıb. Həmin ilin avqustunda Türkiyənin Əliağa limanında gəmidə Azərbaycan Respublikasının üçrəngli bayrağı qaldırılaraq istismara verilib.
Tankerin dedveyti 115 521 ton, uzunluğu 249,95 metr, eni 44 metr, bortunun hündürlüyü 21,2 metr, suya oturumu isə 15,22 metrdir. Gəminin maksimal sürəti 16 düyündür.
Kübra Musayeva