İkiqat dünya çempionundan cəsarətli qərar: Alonso “Dakar”a qayıdır!

İkiqat dünya çempionundan cəsarətli qərar: Alonso “Dakar”a qayıdır!
17.11.2026 16:45 İdman

“Formula-1” üzrə ikiqat dünya çempionu, “Aston Martin” komandasının ispaniyalı pilotu Fernando Alonso 2027-ci ildə “Dakar” rallisində iştirak edəcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, təcrübəli pilot bu qərarını komandanın mətbuat xidmətinə açıqlamasında şərh edib.

Alonso bildirib ki, “Aston Martin”lə “Formula-1”də çıxışını davam etdirmək qərarından sonra “Dakar” rallisində iştirak etmək barədə ciddi düşünməyə başlayıb. O, eyni il ərzində hər iki yarışda mübarizə aparmaq çağırışını qəbul etdiyini vurğulayıb.

“Formula-1”də “Aston Martin”lə çıxışımı davam etdirməyə razılıq verdikdən sonra “Dakar” haqqında ciddi düşünməyə başladım. Qərar vermək çətin olmadı. Bu çağırışı qəbul etmək və bir il ərzində həm “Formula-1”də, həm də “Dakar”da iştirak etmək istədim.

2020-ci ildə “Dakar” karyeramın ən çətin və həyəcanlı sınaqlarından biri oldu. Bu yarışa və onun mütəxəssislərinə böyük hörmət bəsləyirəm. Mark Koma yenidən mənim şturmanım olacaq və bu, çox vacibdir.

“Aston Martin”, “Prodrive”, Sebastyan Löb və Lukas Moraeslə birlikdə müstəsna komanda formalaşdırmışıq. “Formula-1” mənim üçün prioritet olaraq qalır. Lakin mən yarış pilotuyam və məhz belə çağırışlar naminə mübarizə aparıram”, – deyə Alonso bildirib.

Qeyd edək ki, Alonso 2020-ci ildə də “Dakar” rallisində iştirak edib. İspaniyalı pilot 2027-ci ildə yenidən bu çətin yarışın iştirakçıları arasında olacaq.


Namiq HUN

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər