Dünya bir yana, Azərbaycan bir yana, nə Fələstini?! - Yılmaz Özdil - VİDEO
Türkiyəli araşdırmaçı-jurnalist Yılmaz Özdil “YouTube” platformasında yayımladığı çıxışında Azərbaycan haqqında danışıb. Onun fikirləri təkcə Azərbaycan-Türkiyə münasibətlərinə verilən siyasi qiymətləndirmə ilə məhdudlaşmayıb. Özdil tarixi bağları, ortaq taleyi və iki xalqın keçmişdə bir-biri üçün göstərdiyi fədakarlıqları konkret tarixi şəxsiyyətlərin həyat yolu üzərindən təqdim edib.
Əslində, bu çıxışı sadəcə şərh adlandırmaq çətindir. Özdil sözlə Azərbaycanın portretini çəkib, Türkiyə ilə münasibətlərinin tarixi dərinliyini özünəməxsus baxışı ilə təhlil edib. Xüsusilə Azərbaycan əsilli hərbçilərin Türkiyənin müstəqillik mübarizəsindəki xidmətlərini xatırlatması çıxışın ən təsirli hissəsidir.
Yılmaz Özdil çıxışında əvvəlcə Azərbaycan alayının tərkibində Türkiyəyə gələn və burada hərbi xidmətini davam etdirən azərbaycanlı zabitlərdən danışıb:
“Baxın, Azərbaycan alayında Səməd bəylə yanaşı Cahangir Novruzov da vardı. O da Türkiyədə qaldı, Berker soyadını götürdü, Cahangir Berker — Cahangir Novruzov oldu. 1925-ci ildə Şeyx Səid üsyanının yatırılmasında belə iştirak etdi. O da general-mayor rütbəsinə yüksəldi və İzmirdə vəfat etdi, Bornova məzarlığında uyuyur.
Hüseyn bəy vardı məsələn — Azərbaycan türkü. O da Türkiyədə qaldı, Turqut soyadını qəbul etdi. 1930-cu ilə qədər Ankarada Mühafizə alayında xidmət keçdi. Üstün bacarıqlarına görə Türkiyə Hərbi Hava Qüvvələrinə seçildi. 1932-ci ildə pilotlarımız arasında keçirilən müsabiqədə ən uğurlu 5 pilotdan biri oldu. Hərbi aviasiya — qırıcı pilot təhsili almaq üçün Fransaya göndərildi və çox yüksək nəticələrlə geri döndü. 1934–1946-cı illər arasında Türkiyə Hərbi Hava Qüvvələrində saysız-hesabsız pilot yetişdirdi. O da general-mayor oldu, 1971-ci ildə Ankarada dünyasını dəyişdi və hərbi mərasimlə Cəbəci Hərbi Şəhidliyində dəfn edildi”.
Özdil daha sonra Türkiyə ordusunda xidmət etmiş digər azərbaycanlı zabitlərin də adlarını çəkərək onların hərbi fəaliyyətindən danışıb:
“Baxın, Fəridun Əliyev var — o da Türkiyədə qaldı, Daryal soyadını götürdü, Fəridun Daryal oldu. Türk Silahlı Qüvvələrində 45 il xidmət etdi, polkovnik rütbəsiylə təqaüdə çıxdı. Baba Behbudov vardı — polkovnik oldu, 'İstiqlal' medalı aldı. Aslan Haczadə vardı — Türkiyədə qaldı, Berkan soyadını götürdü, polkovnik rütbəsiylə təqaüdə ayrıldı. Məmməd Ağpolad, Yusif Həzərli, Osman Qazaq, Saleh Ağsoy, Vəli Yadigar... Bunlar Azərbaycan alayı ilə könüllü gəlib Qurtuluş Savaşımızda böyük qəhrəmanlıqlar göstərən Azərbaycan zabitləridir”.
Ən diqqətçəkən məqamlardan biri Çanaqqala döyüşündə və Türkiyənin Qurtuluş müharibəsində şəhid olan azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlər olub. O, Türkiyə Milli Müdafiə Nazirliyinin arxivlərinə istinad edərək bildirib:
“Milli Müdafiə Nazirliyimizin arxivlərində mövcuddur: Çanaqqala döyüşündə və Qurtuluş Savaşında 184 Azərbaycan türkü bizimlə çiyin-çiyinə şəhid oldu, qardaşım! Adbaad siyahısı var. Çanaqqala və Qurtuluş Savaşında 184 şəhidi var Azərbaycan türklərinin!
İnsan belə bir qardaşla münasibətini korlayarmı heç?!
Azərbaycan bir yana, dünya bir yana, qardaşım! Nə Fələstini?!”
Jalə Rövşən