Ermənistan üçün seçim saatı yaxınlaşır: Aİ, yoxsa Aİİ?
Ermənistan eyni zamanda həm Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvü ola, həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) əvvəlki şərtlərlə iştirakını davam etdirə bilməyəcək.
TodayPress TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Euronews”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, hökumət vətəndaşların ölkənin gələcəyini müstəqil şəkildə müəyyən edə bilməsi üçün alternativ yaratmağa çalışır.
Ermənistanın Avropaya inteqrasiyası və Aİİ-də iştirakı ilə bağlı suala cavab verən baş nazir iki istiqamət arasında prinsipial ziddiyyətin olduğunu, xüsusilə də gömrük tənzimlənməsi məsələlərində bunun özünü göstərdiyini etiraf edib:
“Biz başa düşürük ki, mövcud qaydalar çərçivəsində Avropa İttifaqına üzvlük və Avrasiya İqtisadi İttifaqında iştirak bir-biri ilə uzlaşmır. Müəyyən məqamda Ermənistan seçim etməli olacaq. Lakin hazırda bizim vəzifəmiz real alternativ yaratmaqdır ki, insanlar hər bir yolun hansı imkanlar açdığını anlayaraq qərar verə bilsinlər”.
Baş nazir həmçinin qeyd edib ki, Avropa islahatları Ermənistan üçün sonda Aİ-yə üzv olub-olmayacağından asılı olmayaraq faydalı ola bilər. Onun qiymətləndirməsinə görə, dövlət institutlarının və qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması özlüyündə ölkənin maraqlarına uyğundur.
Eyni zamanda, Paşinyan Avropa istiqaməti ilə bağlı qərarın yalnız İrəvanın istəyindən asılı ola bilməyəcəyini vurğulayıb. Ermənistanın üzvlüyünü qəbul etməyə məhz Avropa İttifaqının hazır olması da mühüm əhəmiyyət daşıyacaq.
Aysel Mətləb