İrəvandakı Göy Məscidə erməni şairin adı verildi
İrəvandakı Göy Məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib.
TodayPress TV Modern.az-a istinadən xəbər verir ki, İranın Ermənistandakı səfirliyi “Armenpress”ə açıqlamasında həmin zalda Yeqişe Çarentsin büstünün də yerləşdiriləcəyini bildirib.
Ad lövhəsinin açılışını İranın vitse-prezidenti Həmid Purməhəmmədi edib.
Səfirliyin məlumatında Göy Məscid İran və Ermənistanın tarixi-mədəni irsinin rəmzi kimi təqdim olunub. Maraqlı məqam odur ki, məscidin azərbaycanlılarla bağlı tarixi irsinə qətiyyən toxunulmayıb.
Halbuki, Göy Məscidin tarixi XVIII əsrə gedib çıxır. Tarixi mənbələrə əsasən, abidə 1760-cı illərdə İrəvan xanı Hüseynəli xan tərəfindən tikdirilib. Kompleks ibadət zalları, hücrələr və yardımçı tikililərdən ibarət olub və İrəvan şəhərinin dini həyatında mühüm yer tutub.
İrəvanın rəsmi turizm saytında da məscidin girişindəki kitabəyə istinadən onun Hüseynəli xan tərəfindən 1766-cı ildə inşa etdirildiyi qeyd olunur. Abidə müxtəlif mənbələrdə “Göy Məscid”, “Hüseynəli xan məscidi” və “Göy cami” adları ilə tanınır. Məscid İrəvanda azərbaycanlıların tarixi-mədəni irsinin mühüm nümunələrindən biri hesab olunur.
Həmçinin "mərasim"də İranın yüksək səviyyəli rəsmisinin iştirakı və məscidin İran-Ermənistan irsinin nümunəsi kimi təqdim edilməsi bu addıma siyasi məzmun da qazandırır.