Azərbaycan Türkiyəyə necə dəstək olacaq? – COP29 Prezidenti DANIŞDI

Azərbaycan Türkiyəyə necə dəstək olacaq? – COP29 Prezidenti DANIŞDI
09.11.2026 19:41 Gündəm

Bu gün Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası – COP31 öz işinə başlayıb.

TodayPress TV xəbər verir ki, COP31-in ilk günündə COP29-un prezidenti Muxtar Babayev Azərbaycan mediasına müsahibə verib.

O, müsahibəsində Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslərin əhəmiyyətindən, iqlim maliyyələşməsindən, Xəzər dənizinin ekoloji problemlərindən, mina təhlükəsindən və COP31-də Azərbaycan təcrübəsindən istifadə imkanlarından danışıb.

– COP29 Azərbaycanda, COP30 Braziliyada, COP31 isə Türkiyədə keçirilir. Ümumi gedişatı necə qiymətləndirirsiniz?

– Artıq kifayət qədər aktiv fəaliyyətə başlanılıb. Bu gün açılış günüdür. Açılış mərasimində həm COP30-un, həm də COP31-in prezidentləri COP29-a və Azərbaycana ünvanlanan fikirlər səsləndirdilər, ölkəmizə təşəkkürlərini bildirdilər. Çünki Azərbaycanda çoxsaylı qərarlar qəbul edilib, mühüm təşəbbüslər irəli sürülüb. Bu gün ölkələrin böyük əksəriyyəti həmin təşəbbüslərə qoşulub.

Biz bu gün həm də Azərbaycanda qəbul edilmiş qərarların icrasını təmin etmək üçün buradayıq. Çünki qərarlar çox qəbul olunur, lakin onların icrasına gəldikdə ya maliyyə çatışmazlığı, ya digər problemlər ortaya çıxır, ya da fərqli prioritetlər ön plana keçir.

Biz çalışırıq ki, ölkələr, maliyyə institutları, xüsusilə də inkişaf etmiş dövlətlər bu məsuliyyətli prosesə daha ambisiyalı yanaşsınlar, daha çox maliyyə vəsaiti, ekspertiza və insan resursları ilə töhfə versinlər.

– Maliyyə məsələlərini qeyd etdiniz. Bu, kifayət qədər ciddi mövzudur. COP29-da Azərbaycanda məhz bu istiqamətə xüsusi diqqət yetirildi və real nəticələr əldə olundu. Sizcə, COP30 və COP31 qarşıya qoyulan məqsədlərə çata biləcəkmi?

– Bilirsiniz ki, hər bir iqlim konfransının özünəməxsus gündəliyi və əsas mövzusu olur. Azərbaycanda maliyyə məsələsi ən vacib mövzulardan biri idi. Eyni zamanda, unikal vəziyyət yaranmışdı. Belə ki, əvvəlki 100 milyard dollarlıq maliyyə öhdəliyinin üç dəfə artırılmasına nail olundu.

Azərbaycan bu sahədə öz liderliyini və gücünü çox yaxşı nümayiş etdirdi. Xüsusilə də dövlət başçımız, hörmətli Prezident İlham Əliyev ilk gündən kiçik ada dövlətlərinə, inkişaf etməkdə olan ölkələrə və daha çətin iqtisadi vəziyyətdə olan dövlətlərə mütləq dəstək göstərilməsinin vacibliyini vurğulayırdı.

Həmin ölkələrə maliyyə resurslarının ayrılması, problemlərinin həlli üçün digər tərəflərin səfərbər olunması Azərbaycanın qarşıya qoyduğu əsas prioritetlərdən biri idi.

Bu gün də Azərbaycanın irəli sürdüyü həmin təşəbbüs bütün ölkələr, xüsusilə ada və Afrika dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Onlar bildirirlər ki, Azərbaycan və onun Prezidenti bu məsələni beynəlxalq tribunadan səsləndirərək bütün ölkələri məsuliyyətə çağırıb. İnkişaf etmiş dövlətlərə müraciət edilib ki, onlar mövcud vəziyyətə görə məsuliyyətlərini dərk etməli, liderlikdən yayınmamalı, maliyyə resursları ayırmalı və bu prosesdə öncül rol oynamalıdırlar.

– Xəzər dənizinin problemləri ilə bağlı məsələlər də COP31-də gündəmə gətiriləcəkmi?

– Mütləq. Bu mövzu bizim pavilyonumuzun da əsas istiqamətlərindən biridir. Pavilyonumuzu ziyarət etsəniz, Xəzər dənizinə həsr olunmuş çoxsaylı materiallarla tanış ola bilərsiniz.

Bu, regionumuzun ən mürəkkəb ekoloji problemlərindən biridir. Əlbəttə, həm Azərbaycan pavilyonunda, həm də digər tədbirlər çərçivəsində Xəzər dənizinin vəziyyəti müzakirə olunacaq. Çalışacağıq ki, dünya ictimaiyyətinin, beynəlxalq maliyyə institutlarının və təşkilatların bu məsələyə marağını artıraq.

– Azərbaycanın digər həssas məsələlərindən biri də minalanmış ərazilərdir. Bu problem beynəlxalq tədbirlərdə, o cümlədən COP31-də diqqət mərkəzində saxlanılırmı?

– Sizə bir məqamı deyim: Qarabağ Dirçəliş Fondu ANAMA ilə birlikdə burada bir film nümayiş etdirəcək. Biz auditoriyanı həmin nümayişə dəvət edərək bu problemin miqyasını göstərməyə çalışacağıq.

Minalardan təmizlənmə istiqamətində Azərbaycanda çoxsaylı proqramlar qəbul edilib, böyük vəsaitlər ayrılıb, ciddi diqqət və resurslar cəlb olunub. Lakin bu, təkcə Azərbaycanın problemi deyil. Dünyada elə ölkələr var ki, 30-40 ildir minalanmış ərazilərlə bağlı problemlərini həll etməyə çalışırlar.

Ona görə də bu məsələ yalnız Azərbaycan pavilyonunda deyil, digər pavilyonlarda və tədbirlərdə də mütləq müzakirə olunacaq. Çünki mina problemi həm ekoloji, həm sosial, həm də humanitar problemdir. Bu, birbaşa insanların həyatına təsir edən məsələdir.

Məhz buna görə mövzu çox önəmlidir və biz də çalışacağıq ki, onu yenidən beynəlxalq müzakirələrin predmetinə çevirək.

– Konfransla bağlı çıxışınızda Azərbaycan təcrübəsindən istifadə olunacağını bildirdiniz. Söhbət hansı təcrübələrdən gedir?

– Bilirsinizmi, biz hələ ilk gündən Türkiyə komandası ilə birlikdə çalışmağa başlamışıq. Bu prosesdə bizim iqlim üzrə danışıqlar aparan mütəxəssislərimizin də çox böyük rolu var. Həm mövzuların hazırlanmasında, həm də danışıqların aparılmasında onların təcrübəsindən istifadə olunur.

Burada ən önəmli məqam sonda 200-ə yaxın ölkənin razılığını əldə etmək, ortaq mövqeyə və kompromisə gəlməkdir. Nə qədər çalışsaq da, hər zaman nəzərə almalıyıq ki, yekunda bütün ölkələri qərarların qəbuluna razı sala biləcəyikmi? Bu, çox vacib məsələdir.

Ona görə də Türkiyədə praqmatik, inkişafı və qərarların sonrakı icrasını nəzərdə tutan proqramlara yönəlmiş qərarların qəbuluna çalışılacaq.

Xüsusilə də əsas mövzulardan biri elektrikləşmədir. Türkiyə komandası bunu danışıqların ən vacib istiqamətlərindən biri kimi müəyyənləşdirib. Digər mühüm mövzulardan biri sıfır tullantı yanaşması və tullantıların azaldılmasıdır.

Əlbəttə, maliyyə məsələsi də yenə gündəmdədir. Çünki bütün bu proseslərin konkret proqramlara çevrilməsi və onların həyata keçirilməsi üçün maliyyə vəsaitinə ehtiyac var.

Bu vəsait əsasən inkişaf etmiş ölkələr, beynəlxalq maliyyə institutları və özəl sektor tərəfindən təmin edilməlidir. Özəl sektorun prosesə qoşulması da müəyyən mənada böyük dövlətlərin və bankların bu istiqamətdə maliyyə ayırmasından asılıdır. Onlar bu sahəyə ciddi maliyyə dəstəyi göstərildiyini gördükdə özləri də prosesə qoşulacaqlar.

Ona görə də maliyyə məsələsi burada yenə də gündəmin mərkəzində dayanır. Təbii ki, Türkiyə komandasının uğuru bizim danışıqlar qruplarımızla sıx və fəal əməkdaşlıqdan da çox asılıdır.


Qiymət Mahir

XƏBƏR LENTİ
09 NOYABR 2026
Bütün Xəbərlər