Uşağın bağçaya getməsi nəticəsinə təsir edir?
"Məktəbəqədər təhsilə üç il və daha çox müddətdə cəlb olunan uşaqların nəticələri daha yüksək göstəricilərlə müşayiət olunur".
TodayPress TV xəbər verir ki, bunu PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma çıxışında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, məktəbəqədər təhsildə keçirilən hər əlavə il uşağın məktəbə hazırlığı və sonrakı təhsil prosesi baxımından əhəmiyyətli ola bilər:
"Azərbaycanda ən azı bir il məktəbəqədər təhsilə çıxış imkanlarının genişləndirilməlidir. Məktəbəqədər təhsil uşağın inkişafına, məktəb mühitinə uyğunlaşmasına və təhsil prosesinə təsir edir", - deyə nazir əlavə edib.
O, həmçinin kənd, qəsəbə, kiçik şəhər və böyük şəhərlərdə təhsil alan şagirdlərin nəticələri arasında fərqlərin olduğunu bildirib.
Qeyd olunub ki, kənd məktəblərində siniflərin daha kiçik olması avtomatik olaraq təhsilin daha keyfiyyətli olması anlamına gəlmir. Eyni zamanda böyük məktəblərdə və sıx məskunlaşmış ərazilərdə siniflərdə şagird sayının çox olması müəllimin hər bir şagirdə ayırdığı diqqətə təsir göstərə bilər.
Türkan İsgəndərli