Bakıda boş torpaq qalmayıb: Tələbə yataqxanaları harada tikiləcək?

Bakıda boş torpaq qalmayıb: Tələbə yataqxanaları harada tikiləcək?
10.09.2026 16:49 Elm və Təhsil

Azərbaycanda ali təhsil müəssisələrinin yataqxana təminatı ilə bağlı mövcud vəziyyət, kirayə qiymətlərinin durmadan artması və universitetlərin regionlara köçürülməsi ilə bağlı səslənən fikirlər cəmiyyətdə geniş müzakirələrə yol açıb. Paytaxtda kirayə mənzillərin bahalaşması və gəlirləri aşağı olan region sakinlərinin övladlarının xərclərini qarşılamasında yaranan çətinliklər problemi daha da kəskinləşdirib.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti İlham Əhmədov mövcud çətinliklərin həlli yollarını və universitetlərin köçürülməsi ideyasının yarada biləcəyi riskləri ətraflı şəkildə dəyərləndirib.


O, ilk növbədə Bakıdakı universitetlərin yataqxana sarıdan böyük qıtlıq içində olduğunu və bunun valideynlərə ağır maddi yük yaratdığını bildirib:

"Xüsusən Bakı şəhərində olan universitetlərin yataqxanaları ilə təminat səviyyəsi aşağıdır. Çox az universitetin yataqxanası var və mövcud yataqxanalar da az sayda tələbəni yerləşdirə bilir. Təxminən universitetlərimizin 5 faizinin yataqxanası var və onlar da tələbələrinin cəmi 5-10 faizini yerləşdirə bilir. Amma bu, bu gün artıq bir problemə çevrilib. Ona görə ki, Bakı şəhərində mənzil kirayələrinin qiyməti günbəgün artır, təhsil haqqı yüksəlir, ümumən qiymətlər qalxır. Buna görə də valideynlər üçün övladının təhsil haqqını, dərsə gedib-gəlməsi üçün nəqliyyat xərclərini, kirayə haqqını, qidalanmasını və digər xərclərini ödəmək böyük maddi yükə çevrilir".

Ekspert hesab edir ki, Bakı daxilində yeni yataqxanaların inşası da ərazi və nəqliyyat məsələləri nəzərə alınmadan həyata keçirilə bilməz. Onun sözlərinə görə, tələbənin yaşayacağı yer ilə təhsil aldığı universitet arasındakı məsafə əsas problemlərdən birinə çevrilə bilər.

"Bakıda demək olar ki, boş torpaq sahəsi yoxdur. Hər hansı universitetə Qaradağ ərazisində geniş bir yataqxana versələr belə, tələbələrin oraya gedib-gəlməsi və dərslərdə iştirakı böyük problem olacaq. Çünki nəqliyyat problemi var və bu da öz növbəsində başqa bir çətinlik yaradır".

Universitetlərin regionlara, o cümlədən Qarabağa və Zəngəzura köçürülməsi ehtimallarına toxunan İlham Əhmədov bunun professor-müəllim heyəti üçün ciddi məişət və ailə problemləri yaradacağını vurğulayıb:

"Son vaxtlar yenidən bu mövzuda müzakirələr gedir. Əgər 15 il əvvəlki müzakirələrdə universitet kampuslarının şəhərdən kənarda, Bakı ətrafında yerləşdirilməsindən söhbət gedirdisə, indi artıq universitetlərin regionlara, Qarabağa, Zəngəzura köçürülməsi kimi məsələlər müzakirə olunur. Bu isə başqa bir ciddi problem yaradır. Universitetlərin professor-müəllim heyətinin hamısının köçüb orada yaşaması çətin olacaq. Həm orada məişəti təşkil etmək lazımdır, həm də ailələr parçalana bilər. Ailənin bir üzvü Bakıda işləyəcək, digər üzvü isə ailə üçün regiona gedib orada işləyəcək. Bu da müəllimlər qədər ailələrdə də problemlər yaradacaq".

Mütəxəssis həmçinin uzun illər ərzində ali məktəblərə yatırılan investisiyaların batması təhlükəsinə diqqət çəkib və alternativ təkliflərlə çıxış edib:

"Başqa bir məsələ də budur ki, əgər universitetlərimizi regionlara köçürsək, orada kampuslar tikərək yataqxana məsələsini həll etməyə çalışsaq, onda universitetlərimizin qoyduğu investisiyalar batacaq. Ona görə ki, bu investisiyalar son 20-25 il ərzində əsasən təhsilin keyfiyyətinə xidmət edən layihələrə yönəldilməyib. Orta hesabla hər universitetin təxminən 5 milyon manat investisiya qoyduğunu düşünsək, 20-25 il ərzində hər universitetdə 100 milyon manata qədər investisiya formalaşıb. Biz Bakıda fəaliyyətimizi davam etdirsək də, regionlara köçsək də, bu problemlər olacaq", - deyə təhsil eksperti qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər