Zelenski: “Müharibənin başa çatdırılması üçün sənəd layihələri hazırlanıb”
Dünya
23.12.2025 15:39
“Ukrayna ilə bağlı təhlükəsizlik zəmanətləri, ölkənin bərpası və müharibənin real şəkildə sona çatdırılması üçün əsas çərçivəni müəyyən edən bir neçə sənədin layihəsi artıq hazırlanıb”.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Volodimir Zelenski “Telegram” kanalında paylaşım edib.
O bildirib ki, müdafiə naziri Rustem Umerov və Baş Qərargah rəisinin müavini Andrey Hnatov ABŞ nümayəndə heyəti ilə keçirilən görüşlərin nəticələri barədə ətraflı məruzə təqdim ediblər.
Zelenskinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə aparılan danışıqlar məhsuldar olub və hazırda bir neçə mühüm sənədin ilkin layihələri mövcuddur. Bu sənədlər Ukrayna üçün təhlükəsizlik zəmanətlərini, ölkənin bərpasını və müharibənin başa çatdırılması üçün əsas çərçivəni əhatə edir. Qeyd olunub ki, sənədlərdəki müddəalar müharibənin real şəkildə sona çatmasına və Rusiyanın üçüncü dəfə işğal cəhdinin qarşısının alınmasına yönəlib.
Ukrayna Prezidenti vurğulayıb ki, danışıqların hər yeni raundu Ukraynanın milli maraqlarının daha güclü şəkildə təmin olunmasına xidmət edir və bu konstruktiv xətt üzrə iş davam etdiriləcək.
Zelenski Avropa tərəfdaşlarına da göstərdikləri dəstək və koordinasiyaya görə təşəkkür edib, ABŞ ilə dialoqun davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, diplomatiya hər zaman Rusiyaya qarşı zəruri təzyiqlə və Ukraynaya lazımi dəstəklə paralel şəkildə aparılmalıdır.
Prezident qeyd edib ki, Rusiyanın Ukraynaya endirdiyi hər bir zərbə və cəbhə xəttində həyata keçirdiyi intensiv hücumlar Ukraynanın müharibəni bitirməyə Rusiyadan qat-qat daha çox hazır olduğunu sübut edir və bu fərq dünya ictimaiyyətinin təcavüzkara təzyiqinin artırılması ilə aradan qaldırılmalıdır.
Qiymət Mahir
tag: Zelenski,Müharibə,Son,Layihə,Todaypress.tv,
