Yeni Dehli zəhərli duman altında qaldı

Dünya

18.12.2025 17:43

Hindistanın paytaxtı Yeni Dehli güclü hava çirklənməsi səbəbindən zəhərli dumanla örtülüb.

TodayPress TV xəbər verir ki, "Vesti" nin məlumatına görə, havadakı zərərli maddələrin səviyyəsi təhlükəsiz normadan səkkiz dəfə yüksəkdir.

Məlumata görə, hakimiyyət orqanları yüksək emissiyalı nəqliyyat vasitələrinin şəhərə girişini məhdudlaşdırıb. Görünüş məsafəsinin kəskin azalması səbəbindən Yeni Dehlidə bir sıra uçuşlar ləğv edilib, qatarların hərəkətində gecikmələr yaranıb. Paytaxtda məktəblilər distant təhsilə keçirilib, dizel yük maşınlarının şəhərə girişi isə qadağan olunub.

Həkimlər sakinlərə açıq havada fəaliyyətlərdən uzaq durmağı tövsiyə ediblər. Xəstəxanalara nəfəs darlığı və göz qıcıqlanması şikayətləri ilə müraciət edənlərin sayının artdığı bildirilir.

Qeyd olunur ki, son iki gündür Yeni Dehlidə hava çirkliliyinin səviyyəsi “kritik” həddə qalır və bu vəziyyət xüsusilə ürək və ağciyər xəstəlikləri olan insanlar üçün ciddi təhlükə yaradır.

Jalə Rövşən

TodayPress TV

tag: Dehli ,Hindistan ,Duman ,Hava,Todaypress.tv,