Yaponiya dünyanın ən böyük AES-ni yenidən işə salır
Dünya
22.12.2025 10:47
Yaponiya Fukuşima nüvə qəzasından 15 il sonra ölkənin enerji siyasətində mühüm qərar qəbul edib. Regional hakimiyyət orqanları dünyanın ən böyük atom elektrik stansiyası olan Kaşivazaki-Kariva Atom Elektrik Stansiyasının yenidən istifadəyə verilməsini təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Niigata Prefektura Məclisi reaktorların işə salınmasına son siyasi maneəni aradan qaldıraraq stansiyanın fəaliyyətinin bərpasına razılıq verib.
Stansiya Tokiodan təxminən 220 kilometr şimal-qərbdə yerləşir və 2011-ci ildə Fukuşima Daiçi Atom Elektrik Stansiyasında baş verən nüvə qəzasından sonra bağlanmışdı. Həmin dövrdə Yaponiyada bütün atom reaktorları fəaliyyətini dayandırmışdı.
Hazırda ölkədə mövcud 33 reaktordan 14-ü yenidən işə salınıb. Kaşivazaki-Kariva stansiyası isə Fukuşima qəzasından sonra nüvə obyektlərini idarə edən TEPCOnun rəhbərliyi altında fəaliyyətə qaytarılan ilk stansiya olacaq. Şirkət ilk reaktorun yanvar ayında işə salınmasını planlaşdırır.
Buna baxmayaraq, yerli əhali arasında narahatlıq qalır. Rəsmi sorğulara görə, sakinlərin təxminən 60 faizi təhlükəsizlik şərtlərinin hələ tam yerinə yetirilmədiyini, 70 faizi isə stansiya operatoruna etimad göstərmədiyini bildirib.
Yaponiya hökuməti isə enerji təhlükəsizliyini gücləndirmək və idxal olunan qaz və kömürdən asılılığı azaltmaq üçün nüvə enerjisinə qayıdışı zəruri hesab edir. Rəsmi planlara əsasən, 2040-cı ilə qədər nüvə enerjisinin ümumi elektrik istehsalındakı payının 20 faizə çatdırılması nəzərdə tutulur.
Jalə Rövşən
tag: Yaponiya, Fukuşima, Tokio,Atom ,Todaypress.tv,
