Vaşinqton İranın Çinə neft ixracını hədəf aldı - yeni sanksiya siyahısı
Dünya
12.05.2026 02:00
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Çinə neft satışı ilə əlaqəli olduğu bildirilən 12 fiziki və hüquqi şəxsi sanksiya siyahısına daxil edib.
TodayPress TV xəbər verir ki, bu barədə qurumun saytında məlumat yayılıb.
“Bu gün OFAC İran neftinin Çinə satışı və tədarükündə SEPAH-a yardım etdiklərinə görə 12 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edir”, - deyə bəyanatda bildirilir.
Məlumata görə, bu satışdan əldə olunan gəlirlər silahların hazırlanmasına, “İranın nəzarətində olan terrorçu qruplaşmaların” dəstəklənməsinə və İran təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsinə yönəldilir.
Sanksiyalar siyahısına üç İran vətəndaşı və BƏƏ, Çin, Oman şirkətlərindən ibarət doqquz qurum daxil edilib.
Bu sanksiyalar İrana iqtisadi təzyiq göstərməyə yönəlmiş “Economic Fury” proqramının tərkib hissəsidir. Proqramın adı ABŞ-nin İrana qarşı həyata keçirdiyi “Epic Fury” hərbi əməliyyatına istinad edir.
Aysel Mətləb
tag: ABŞ,Sanksiya,Çin,İran,TodayPress TV,
