Ukrayna və Rusiya arasında üç günlük atəşkəs: Tramp tarixləri açıqladı
Dünya
08.05.2026 22:28
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında atəşkəsin 9, 10 və 11 may tarixlərində qüvvədə qalacağını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Truth Social”da yazıb.
Amerika lideri bildirib ki, onun müraciəti əsasında Moskva və Kiyev üç günlük atəşkəsə razılıq verib. Trampın sözlərinə görə, bu müddət ərzində tərəflər hərbi əsirlərin növbəti mübadiləsini həyata keçirəcəklər.
“Mən Rusiya ilə Ukrayna arasında müharibədə üç günlük atəşkəsin (9, 10 və 11 may) tətbiq olunduğunu məmnunluqla elan edirəm. Bu atəşkəs bütün hərbi əməliyyatların dayandırılmasını, eləcə də hər iki tərəfdən min hərbi əsirin mübadiləsini əhatə edəcək. Bu xahiş birbaşa mənim tərəfimdən irəli sürülüb və onun təsdiqlənməsinə görə Prezident Vladimir Putin və Prezident Volodimir Zelenskiyə minnətdaram. Ümid edirəm ki, bu, çox uzun, qanlı və ağır müharibənin sonunun başlanğıcıdır”, - deyə o qeyd edib.
Tramp paylaşımında həmçinin vurğulayıb ki, müharibənin dayandırılması ilə bağlı danışıqlar davam edir və onlar hər gün məqsədə daha da yaxınlaşırlar.
Qeyd edək ki, hələlik Moskva və Kiyev bu açıqlamaya münasibət bildirməyib.
Aysel Mətləb
tag: Tramp,Ukrayna,Rusiya,ABŞ,TodayPress TV,
