"Üç aydır maye qaz ixrac edə bilmirik" - Qətərli ekspert
Dünya
07.05.2026 22:35
Son həftələr ərzində Körfəz ölkələri sazişin əldə olunması üçün ABŞ və İrana ciddi təzyiq göstərirlər.
TodayPress TV xəbər verir ki, bu barədə Qətərin Həməd Bin Xəlifə Universitetinin dövlət siyasəti üzrə Baş professoru Sultan Barakat "Al Jazeera"ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, buna səbəb regiondakı vəziyyətin hazırda kritik olmasıdır. Bu durum xüsusilə maye qaz (LNG) satışından kəskin asılı olan və son üç ay ərzində ixrac həyata keçirə bilməyən Qətər üçün daha qəlizdir.
Körfəz ölkələri arasındakı münasibətləri də nəzərə almağın vacib olduğunu deyən Barakat, Qətər və Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin son bir neçə ildə əhəmiyyətli dərəcədə yaxşılaşdığını əlavə edib.
Ekspert qeyd edib ki, Səudiyyə Ərəbistanı Hörmüz boğazındakı blokadadan o qədər də təsirlənməsə belə, Qətər və Küveytin adından çıxış edərək onları müdafiə edir. Bununla belə, o, Körfəz dövlətləri ilə BƏƏ və hazırda getdikcə daha çox BƏƏ-nin tərəfini tutan Bəhreyn arasında fikir ayrılığının olduğunu vurğulayıb.
Barakatın sözlərinə görə, nəticə etibarilə Səudiyyə Ərəbistanı öz miqyasına görə ABŞ üzərində ən böyük nüfuza malik ölkədir və bu təsirindən istifadə edərək Vaşinqtonu İrana qarşı müharibəni mümkün qədər tez bitirməyə çağırır.
Aysel Mətləb
tag: Qətər,ABŞ,İran,Sultan Barakat,TodayPress TV,
