Tramp FTB agentlərini iyrənc quldurlar adlandırdı

Dünya

20.12.2025 13:45

ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) agentlərini Florida ştatındakı Mar-a-Lago malikanəsində aparılan axtarış zamanı həyat yoldaşı Melaniya Trampın şəxsi əşyalarına baxmaqda ittiham edib.

TodayPress TV "Fox News"a istinadən xəbər verir ki, Tramp Şimali Karolinada tərəfdarları qarşısında çıxışı zamanı  Federal Təhqiqat Bürosu agentlərinin Mar-a-Lagoda onun həyat yoldaşının şkafına daxil olduqlarını deyib.

Onun sözlərinə görə, evə qayıtdıqda Melaniya Trampın səliqəli şəkildə yığılmış geyimlərinin qarışdırıldığını görüblər.

Prezident FTB əməkdaşlarını “iyrənc quldurlar” adlandıraraq, onların cəzasız qalmamalı olduğunu deyib.

Qeyd edək ki, 2022-ci ilin avqustunda FTB agentləri Trampın Floridadakı Mar-a-Lago iqamətgahında axtarış apararaq 11 qutu məxfi sənəd müsadirə etmişdi. Axtarış Trampın prezidentlik müddəti başa çatdıqdan sonra Ağ Evdən sənədlər çıxarması ilə bağlı aparılan araşdırma çərçivəsində həyata keçirilmişdi.

Tramp isə sənədlərin artıq məxfilikdən çıxarıldığını və onları könüllü şəkildə təhvil verməyə hazır olduğunu bildirmiş, daha sonra axtarışın qanunsuz aparıldığını əsas gətirərək məhkəməyə müraciət etmişdi.

Jalə Rövşən

TodayPress TV

tag: ABŞ,Tramp,FTB,Quldur,Todaypress.tv,