Tramp Çinə səfərdə - lider əsas mövzuları açıqladı
Dünya
11.05.2026 21:36
ABŞ Prezidenti Donald Tramp Çinə səfəri zamanı ölkə lideri Si Cinpin ilə enerji, İran və Tayvan məsələlərini müzakirə edəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, jurnalistlərə deyib.
“Bir çox yaxşı şeylər baş verə bilər. Düşünürəm ki, müzakirələr enerji məsələlərini və gözəl ölkə olan İranı əhatə edəcək”, - deyə Tramp bildirib.
Amerika lideri, həmçinin qeyd edib ki, Si Cinpinlə danışıqlar zamanı böyük ehtimalla Tayvan mövzusu da gündəmə gələcək. Tramp vurğulayıb ki, ada ilə materik Çin arasında münaqişə baş verəcəyini düşünmür. Xüsusilə, o bildirib ki, Vaşinqtonun Tayvana silah tədarükü məsələsini də Si Cinpinlə müzakirə edə bilər və əlavə edib ki, Çin lideri bu tədarüklərin dayandırılmasını istəyir.
Prezident bir daha Çin rəhbəri ilə yaxşı münasibətlərə malik olduğunu vurğulayıb:
“O, əla centlmendir. Mən onu möhtəşəm insan hesab edirəm”.
Qeyd edək ki, Tramp 13-15 may tarixlərində dövlət səfəri ilə Çinə gedəcək.
Aysel Mətləb
tag: Çin,Si Cinpin,ABŞ,Tramp,TodayPress TV,
