Tramp Ağ Evdə keçmiş prezidentləri lağa qoydu

Dünya

18.12.2025 10:07

Ağ Evdə keçmiş ABŞ prezidentlərinə aid lövhələr yenilənib.

TodayPress TV “The Guardian”a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə yerləşən “Prezident Şöhrət Xiyabanı”nda bəzi keçmiş liderlərin portretlərinin altına tənqidi və istehzalı başlıqlar əlavə edib.

Məlumata görə, Cozef Baydenə aid lövhədə onun “ABŞ tarixinin ən pis prezidenti” olduğu, “zehni geriləmə” yaşadığı və “radikal solçu dairələrə xidmət etdiyi” kimi ifadələr yer alıb. Barak Obamanın portreti altında isə onun “Amerika tarixinin ən mübahisəli siyasi fiqurlarından biri” olduğu qeyd edilib. Bill Klintonla bağlı lövhədə isə Trampın 2016-cı il seçkilərində Hillari Klintonu məğlub etməsinə istinad edilib.

Eyni zamanda, “Prezident Şöhrət Xiyabanı”nda Trampın özünə aid iki portret də yerləşdirilib və onların altında birinci və ikinci prezidentlik dövrlərinin başlanğıcındakı nailiyyətlər vurğulanıb.

Qeyd olunur ki, Tramp daha əvvəl də sələflərini açıq şəkildə tənqid edib, Cozef Baydeni Ukraynaya maliyyə dəstəyinə görə sərt ifadələrlə hədəf alıb. Obama haqqında isə onu şəxsən “yaxşı centlmen” adlandırsa da, iqtisadi siyasəti ilə razılaşmadığını bildirib.

Jalə Rövşən

TodayPress TV

tag: ABŞ,Donald Tramp ,Cozef Bayden ,Barak Obama ,Todaypress.tv,