The İnsider: Putinin yaxın çevrəsi Avropada milyardlar qazanır

Dünya

23.12.2025 12:51

Putinlə yaxın əlaqələri olan rus oliqarxları sanksiyalara baxmayaraq Avropa ilə ticarətdən qazanc əldə etməyə davam edirlər.

TodayPress TV xəbər verir ki, “The İnsider” nəşrinin araşdırmasına görə, Vladimir Putinə yaxınlığı ilə tanınan bir sıra rus milyarderlərinə qismən məxsus şirkətlər Avropa İttifaqı ölkələrinə məhsul ixracını dayandırmayıb.

Səbəb isə Aİ sanksiyalarında mövcud olan hüquqi boşluqlardır. Qaydalara əsasən, sanksiya altına düşmüş şəxs şirkətin 50 faizindən az payına sahibdirsə, həmin şirkət Aİ bazarında fəaliyyət göstərə bilir.

Araşdırmada Oleq Deripaska, Əlişir Usmanov, Andrey Quryev, Vladimir Litvinenko, Roman Abramoviç və Gennadi Timçenko kimi tanınmış oliqarxların adları çəkilir. Onların nəzarətində olan metallurgiya, alüminium, gübrə, neft-kimya və qaz şirkətləri Almaniya, Fransa, İtaliya, Belçika, Polşa və digər Avropa ölkələrinə məhsul göndərməyə davam edir.

Məsələn, Oleq Deripaskaya bağlı “Rusal” şirkəti 2024-cü ilin ilk yarısında Avropa bazarından təxminən 1,3 milyard dollar gəlir əldə edib. Şirkətin İsveç, Almaniya, İrlandiya və İtaliyada istehsal müəssisələri fəaliyyət göstərir və məhsullar əsasən İsveçrə üzərindən ixrac olunur.

Əlişir Usmanovun nəzarətində olan “Metalloinvest” şirkəti isə İtaliya, İspaniya və Polşaya yüz milyonlarla dollar dəyərində dəmir filizi məhsulları satıb. İxracın bir hissəsi Özbəkistan və Dubaydakı vasitəçi şirkətlər üzərindən həyata keçirilib.

Putinin yaxın silahdaşı hesab edilən Andrey Quryev və Vladimir Litvinenkonun nəzarətində olan “PhosAgro” gübrə şirkəti də Avropa ölkələrinə məhsul ixracını davam etdirir. Araşdırmaya görə, şirkətin səhmlərinin bir hissəsinin Litvinenkonun ailəsinə ötürülməsi sanksiyalardan yayınmağa imkan verib.

Roman Abramoviçin pay sahibi olduğu metallurgiya və mədən şirkətləri də Fransa və Çexiyaya məhsul ixrac edib. Eyni zamanda Abramoviç Avropada daşınmaz əmlaka sahib ailə üzvləri vasitəsilə aktivlərini qoruyur.

Gennadi Timçenko isə neft-kimya və qaz sektorunda fəaliyyət göstərən “Novatek” və “Sibur” şirkətləri vasitəsilə Avropa bazarına məhsul çıxarmaqda davam edir. Bu şirkətlərdə əsas pay sahiblərinin sanksiyaya məruz qalmaması Timçenkoya dolayı yolla gəlir əldə etməyə imkan yaradır.

Araşdırma göstərir ki, oliqarxlar sanksiyalardan yayınmaq üçün səhmləri ailə üzvlərinin, etibarlı şəxslərin və ya xarici törəmə şirkətlərin adına keçirir, ixracı isə İsveçrə, Malta, BƏƏ və digər ölkələr üzərindən həyata keçirirlər.

"Nəticə olaraq, Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyanın hakim elitasına yaxın şəxslərin Avropa ilə iqtisadi əlaqələrini tam dayandıra bilməyib. Əksinə, hüquqi boşluqlar Putinin yaxın çevrəsinə Avropa bazarından gəlir əldə etməyə davam etməyə imkan verir",-nəşr yazıb.

Jalə Rövşən

TodayPress TV

tag: Vladimir Putin ,Oliqarx ,Avropa ,Sanksiya ,Araşdırma ,Todaypress.tv,