Suriya hökumət qüvvələri ilə kürd qüvvələri arasında döyüş baş verdi

Dünya

23.12.2025 12:06

Hələbdə Suriya keçid hökumətinin qoşunları ilə kürd qüvvələri arasında toqquşmalar baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, toqquşmalar nəticəsində mülki şəxslər də daxil olmaqla, ölən və yaralananlar olub. Döyüşlər xüsusilə, Hələbin Şeyx Məqsud və Əşrəfiyyə bölgələrində qeydə alınıb.

Kürdlərin rəhbərlik etdiyi koalisiya hökumət qüvvələrinin ilk hücum etdiyini vurğulayıb. İctimaiyyətə açıqlanan məlumatlara görə, hökumət qüvvələri kürdlərin yaşadığı əraziləri ağır pulemyotlar və çoxsaylı raket atıcılarından atəşə tutub.

Öz növbəsində, Suriya dövlət mediası kürdləri yaşayış binalarını atəşə tutmaqda ittiham edib.

Qeyd edək ki, Hələbdəki vəziyyət Türkiyə nümayəndə heyətinin — xarici işlər naziri Hakan Fidan, kəşfiyyat direktoru İbrahim Kalın və müdafiə naziri Yaşar Gülərin 22 dekabrda Dəməşqə səfər etməsindən sonra kəskin şəkildə gərginləşib. Nümayəndə heyəti Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb.

Xatırladaq ki, martın 10-da Dəməşqdə Suriya Prezidenti Əhməd əl-Şara və Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Məzlum Əbdi arasında kürd qüvvələrinin Suriya ordusuna və hökumət strukturlarına inteqrasiyası ilə bağlı razılaşma imzalanıb. Lakin bu istiqamətdə hələlik konkret addımlar atılmayıb.

Aysel Mətləb

TodayPress TV

tag: Suriya ,Hələb,Kürd,Toqquşma ,Todaypress.tv,