Sərgidə uşaq 280 000 dollarlıq qızıl tacı sındırdı

Dünya

24.12.2025 18:45

Pekindəki sərgidə bir oğlan təsadüfən 280 000 dollar dəyərində qızıl tacı yerə ataraq ciddi ziyan vurub.

TodayPress TV xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.

Tac Çin internet ulduzu Çjan Kayın əri olan rəssam tərəfindən hədiyyə edilmiş və "Pekin X" Muzeyində sevgi mövzusuna həsr olunmuş sərgidə 86 digər rəssamın əsərləri ilə birlikdə nümayiş olunurdu. Tacın çəkisi iki kiloqram idi.

Hadisə zamanı oğlan anasının tacın şəklini daha yaxşı çəkə bilməsi üçün sərginin şəffaf qoruyucu qutusunu açıb. Qutu postamentə möhkəm bərkidilmədiyi üçün qopub və tac zədələnib.

Çjan Kay sosial mediada bildirib ki, videonu valideynlərdən təzminat tələb etmək üçün paylaşmayıb və tac sığortalanıb. Zərəri sığorta şirkəti, muzey, eləcə də o və əri birlikdə ödəyəcəklər. O, həmçinin valideynləri sərgilərdə uşaqlarına diqqət yetirməyə çağırıb.

Hadisə ilə bağlı internet istifadəçiləri arasında fikir ayrılığı yaranıb: bəziləri ana və oğulu tənqid etsə də, digərləri sərgi təşkilatçısını postamentin möhkəm bərkidilməməsinə görə məsuliyyətli hesab ediblər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Tac,Muzey,Sərgi,Uşaq,Todaypress.tv,