Ryabkov: "Rusiya və ABŞ arasında yeni danışıqlar keçirildi"

Dünya

23.12.2025 13:39

Rusiya və ABŞ münasibətlərin normallaşdırılması məqsədilə növbəti danışıqlar raundu keçiriblər.

TodayPress TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, görüş işçi səviyyədə baş tutub və tərəflər gündəlikdə olan məsələləri peşəkar və ətraflı şəkildə müzakirə ediblər. Ryabkov qeyd edib ki, əsas mövzular hələlik təxirə salınıb və prosesin irəliləməsi üçün əlavə siyasi impuls tələb oluna bilər.

Nazir müavini növbəti görüşün erkən yazda keçirilməsinin planlaşdırıldığını, lakin dəqiq tarix müəyyən edilmədiyini bildirib. Görüşün harada baş tutacağı açıqlanmayıb.

Xatırladaq ki, ABŞ administrasiyasının dəyişməsindən sonra Rusiya və ABŞ nümayəndə heyətləri fevralın 27-də və aprelin 10-da İstanbulda iki dəfə görüşüblər. Daha sonra danışıqların paytaxtlarda və üçüncü raundun Moskvada keçirilməsi nəzərdə tutulsa da, ABŞ tərəfinin təşəbbüsü ilə məsləhətləşmələr qeyri-müəyyən müddətə təxirə salınıb.

Jalə Rövşən

TodayPress TV

tag: Sergey Ryabkov ,Rusiya ,ABŞ ,Danışıqlar ,Todaypress.tv,